Azərbaycanda rəqəmsal əkiz sisteminin yaradılması ilə bağlı layihənin icrasına başlanılacaq.
"Report " xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov bildirib.
"Sistemin tətbiqi ilə iqtisadiyyatda rəqəmsallaşma daha sürətlə təmin ediləcək. Bununla bağlı Tədbirlər Planı tərtib ediləcək. Rəqəmsal əkiz sistemi ilə şəhəri 3D formatda görmək mümkün olacaq. Xəritədə bütün infrastrukturla bağlı informasiyalar əksini tapacaq", - deyə o qeyd edib.
"Sənayenin rəqəmsal transformasiyası məqsədilə Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Polymer" MMC və dövlətə məxsus “AzerGold” QSC üçün “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SİRİ) layihəsi uğurla icra edilib. 4SİM Dünya İqtisadi Forumunun mövcud 16 IV Sənaye Inqilabı (4Sİ) mərkəzindən biri olmaqla yanaşı, MDB məkanında yeganə mərkəzdir. 4SİM 3 əsas istiqamətdə fəaliyyət göstərir: süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və rəqəmsal ticarət. Bu çərçivədə ötən il 4 startapın Çində keçirilən Yay Davos Forumunda iştirakına dəstək verilib. Bu il Azərbaycanda elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 çərçivəsində milli iqtisadiyyatın müxtəlif sektorlarında “yaşıl” texnologiyalardan istifadənin təşviqi və bu istiqamətdə startaplara dəstək məsələləri diqqət mərkəzində olacaq", - deyə F.Cəfərov əlavə edib.
Bizim WhatsApp kanalımıza abunə olun