IMG-LOGO

Türkiyəli mütəxəssis: "Sabah" çempionluğa ən real namizəddir"

28 Jan 2026 14:43 2 baxış
IMG

"Sabah" komandası Azərbaycan Basketbol Liqasının 2025/2026 mövsümündə çempionluğa ən real namizəddir.

Bu barədə "Report"a "Abşeron Lions"un baş məşqçisi Erhan Toker açıqlama verib.

Türkiyəli mütəxəssis turnirdəki rəqiblərinin çox güclü olduğunu bildirib:

"Sabah" həqiqətən yaxşı komandadır. Təcrübəli basketbolçuları və baş məşqçisi var. Biz, "Neftçi" və "Gəncə" əlimizdən gələni edirik və mübarizə aparırıq. Yaxşı oyun sərgiləyərək Azərbaycan çempionatını daha da yuxarı qaldırmağa çalışırıq. Mövsümün sonunadək hər görüşdə əlimizdən gələnin ən yaxşısını etmək niyyətindəyik. Oyunçularımız ən yaxşı performanslarını göstərmək istəyirlər. Biz və ya başqa komanda "Sabah"ın rəqibi ola biləcəkmi? Bunu zaman göstərəcək. Bu barədə danışmaq hələlik tezdir. Müntəzəm mövsüm davam edir, daha sonra pley-off mərhələsi başlayacaq. Amma dediyim kimi, hər oyuna əlimizdən gələnin ən yaxşısını etmək üçün çıxacağıq".

E.Toker XV turda "Sabah"a qarşı keçirəcəkləri matça da toxunub:

"Xüsusi nəsə etmirik. Hər qarşılaşmaya necə hazırlaşırıqsa, bu dəfə də elə olacaq. Təbii ki, "Sabah"ın liqanın ən güclü kollektivi olduğunu bilirik. Büdcə baxımından da bizdən üstündürlər. Ona görə mübarizə aparacağıq. Komandalar arasındakı ilk görüşdə hansısa gərginlik olmadı. Hər iki tərəf hakimlərdən narazı idi".

Baş məşqçi hazırda A qrupunda lider olduqlarını, lakin "Sabah"ın bu gün XI turdan təxirə salınmış oyuna çıxacağını sözlərinə əlavə edib:

"Neftçi"ni məğlub etsələr, liderliyi ələ keçirəcəklər. Onlar top fərqində bizdən üstündürlər".

Qeyd edək ki, "Abşeron Lions" - "Sabah" oyunu yanvarın 31-də keçiriləcək. "Abşeron Lions" hazırda 27 xalla A qrupunda liderdir. Ehtiyatda bir oyunu olan "Sabah" 25 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər lenti