IMG-LOGO

Azərbaycanda bütün yerləşmə vasitələri üçün yeni dövlət standartı hazırlanır

27 Jan 2026 12:34 3 baxış
IMG

Azərbaycanda hotel, hostel və qonaq evləri daxil olmaqla, bütün yerləşmə vasitələri üçün minimum xidmət və infrastruktur tələblərini müəyyən edən yeni dövlət standartı hazırlanır.

Bunu "Report"un sualını cavablandırarkən Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yeni standartın layihəsinin ilin sonuna qədər rəsmi dövlət sənədi kimi qəbul edilməsi planlaşdırılır: "Hazırlanacaq standart bütün kateqoriyalı yerləşmə obyektlərini əhatə edəcək və təmizlik, xidmət keyfiyyəti, infrastruktur, eləcə də internet bağlantısının səviyyəsi ilə bağlı minimum meyarlar müəyyən ediləcək. Biz artıq hotellərin ulduz təsnifatını həyata keçiririk. Bu ildən isə digər yerləşmə vasitələri – hostel, qonaq evi və oxşar obyektlər üçün də minimum kriteriyalar üzərində işləyirik. Həmin meyarların içinə internet xidmətinin keyfiyyəti də daxil ediləcək".

R.Əliyev bildirib ki, standartlara cavab verən obyektlərə müvafiq sertifikat təqdim olunacaq, tələblərə uyğun gəlməyənlər isə yerləşmə vasitəsi kimi qeydiyyata alınmayacaq.

Sədr müavini əlavə edib ki, ilkin mərhələdə sistem könüllü əsaslarla tətbiq ediləcək, gələcəkdə isə turizm haqqında qanunvericiliyə inteqrasiya olunaraq sertifikatlaşdırmanın məcburi olması nəzərdə tutulur: "Yerləşmə vasitəsi turistin seçiminə və məmnunluğuna birbaşa təsir edir. Ona görə də bu sahədə güclü tənzimləmə və nəzarət mexanizmləri vacibdir".

Xəbər lenti