Azərbaycan Dövlət Neft Fondu (ARDNF) son 5 ildə investisiya fəaliyyətindən 22,7 milyard ABŞ dolları əldə edib.
"Report"un hesablamalarına əsasən, Neft Fondunun investisiya fəaliyyəti ilə bağlı ümumi gəlirləri xalis neft-qaz daxilolmalarını 3 dəfə üstələyib.
Ehtiyatların artımında investisiya gəlirlərinin mühüm rolunu vurğulamaqla bərabər məzənnə dəyişiklikləri və qızıl üzrə gəlirlər də bu artımın formalaşmasında əhəmiyyətli yer alıb. Qlobal maliyyə bazarlarında müşahidə olunan yüksək volatillik, inflyasiya təzyiqləri və faiz dərəcələrinin kəskin dəyişkənliyi şəraitində əldə edilən bu nəticələr Fondun uzunmüddətli, risklərə həssas və balanslaşdırılmış investisiya strategiyasının effektivliyini nümayiş etdirir.
Bunun nəticəsində son 5 il ərzində Fondun aktivləri 29,9 milyard ABŞ dolları və ya 70 % artaraq 43,6 milyard ABŞ dollarından 73,5 milyard ABŞ dollarına yüksəlib.
Bu artımın 22,7 milyard ABŞ dolları investisiya fəaliyyəti (məzənnə və qızıl qiyməti daxil olmaqla) hesabına, 7,2 milyard ABŞ dolları xalis neft-qaz daxilolmaları hesabına formalaşıb. Bu dinamika Fondun investisiya fəaliyyətinin rolunun əhəmiyyətli dərəcədə gücləndiyini və dayanıqlı dəyər yaradan əsas mənbələrdən birinə çevrildiyini nümayiş etdirir.