Azərbaycanda turizmin rəqabət qabiliyyəti rəqəmsal bağlantıdan asılıdır.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti"ndə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafında rəqəmsal bağlantı və internet infrastrukturu artıq əsas amillərdən birinə çevrilib, ziyarətçi təcrübəsi yalnız görməli yerlərlə deyil, eyni zamanda keyfiyyətli əlaqə imkanları ilə formalaşır.
"Müasir turistlər səyahətlərini planlaşdırarkən, qərar qəbul edərkən, marşrut üzrə hərəkət edərkən və xidmətlərdən istifadə zamanı rəqəmsal bağlantıya güvənirlər. Bağlantının əlçatanlığı və keyfiyyəti destinasiyanın imicinə, qonaq məmnuniyyətinə və uzunmüddətli loyallığa birbaşa təsir göstərir. Son illərdə Azərbaycan rəqəmsal infrastrukturun inkişafı istiqamətində mühüm irəliləyiş əldə edib, genişzolaqlı internet əhatəsi genişlənib və milli rəqəmsal inkişaf təşəbbüsləri həyata keçirilib. Bu isə ölkənin yalnız turizm deyil, həm də beynəlxalq biznes tədbirləri, konfranslar və qlobal forumlar üçün etibarlı məkan kimi mövqeyini gücləndirir", - deyə turizm rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan hotellərində Wi-Fi və sabit internet bağlantısı artıq əlavə üstünlük deyil, əsas keyfiyyət tələbi hesab olunur: "Güclü bağlantı rəqəmsal köçərilər və uzunmüddətli qalan turistlərin cəlbi baxımından da mühüm əhəmiyyət daşıyır. Bağlantı turizm destinasiyasının rəqabət qabiliyyəti, innovasiya və dayanıqlı inkişafı üçün strateji amildir və bu sahədə uğur dövlət və özəl sektor arasında əməkdaşlıqdan asılıdır".