Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) fəaliyyətində innovativ həllərin, yeni texnologiyaların aktiv tətbiqi işini davam etdirir.
"Report" xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aydın İbadov bildirib ki, şəffaflığın təmin olunması məqsədilə ADRA-nın əməkdaşlarının sahibkarlarla ünsiyyəti qabaqcıl texnoloji avadanlıqların tətbiqi ilə həyata keçiriləcək.
Bu yenilik daha şəffaf tənzimləmə sisteminin yaradılması ilə yanaşı, dövlət orqanına etimadın möhkəmləndirilməsinə və müvafiq sahədə daha böyük nailiyyətlərin əldə edilməsinə xidmət edəcək. Yeni avadanlıqların tətbiqi proseslərin onlayn izlənməsinə, idarə edilməsinə, məlumat bazasının yaradılmasına, sahibkar məmnunluğunun ölçülməsinə, sahibkarlarla ünsiyyət zamanı onları maraqlandıran sualların dərhal cavablandırılmasına imkan yaradacaq. Sahibkarlarla ünsiyyətin qeydə alınması onların bu barədə məlumatlandırılmasından sonra həyata keçiriləcək.
Möhtəşəm yüzilliyi ADRA-nın fəaliyyəti dövrünün ən yüksək göstəriciləri ilə başa vurmaq həm vəzifə, həm də vətəndaşlıq borcumuz idi.
İdarə Heyətinin sədri, həmçinin 2023-cü ildə açıq məkanda reklam sahəsində əldə olunan uğurlardan danışaraq ADRA-nın ötən ili fəaliyyət dövrünün ən yüksək göstəriciləri ilə başa vurduğunu qeyd edib. Aydın İbadov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili qeyd edilən yüksək əhəmiyyətli dövrü ADRA-nın fəaliyyəti tarixinin ən yüksək göstəriciləri ilə başa vurmaq həm vəzifə, həm də vətəndaşlıq borcumuz idi.
Bizim WhatsApp kanalımıza abunə olun