Azərbaycanın Avropa Şurasının MONEYVAL Komitəsinin Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarına uyğunluq səviyyəsi 90,5 %-dək yüksəlib və bu da onun regional, qlobal səviyyədə mövqelərin gücləndirilməsi deməkdir.
Bunu "Report"a açıqlamasında Maliyyə Monitorinq Xidmətinin (MMX) İdarə Heyətinin sədri Zaur Fətizadə bildirib.
"Nəticədə, Azərbaycan tərəqqi hesabatı qəbul ediləndən sonra MONEYVAL 5-ci raund çərçivəsində qiymətləndirilmiş 32 ölkənin orta reytinqinin göstəricisinə əsasən 24-cü yerdən 14-cü yerə yüksəlib", - Z. Fətizadə vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda son illər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində həyata keçirilmiş institusional və qanunvericilik islahatları nəzarət və hüquq-mühafizə orqanları arasında koordinasiyasını gücləndirib, ölkənin FATF standartlarına uyğunluq səviyyəsini nəzərəçarpacaq dərəcədə artırıb, MONEYVAL-ın son qiymətləndirməsində Azərbaycanın irəliləyişi yüksək qiymətləndirilib:
"Bu sahədə aparılan islahatlar yalnız qanunvericilik və tənzimləyici bazanın gücləndirilməsi ilə məhdudlaşmır. Ölkə eyni zamanda institusional koordinasiya, risk əsaslı nəzarət, beynəlxalq standartlara uyğun əməliyyat mexanizmlərini uğurla tətbiq edir ki, bu da Azərbaycanı maliyyə təhlükəsizliyi baxımından daha dayanıqlı, etibarlı mövqeyə gətirib çıxarır. 2023-cü ildə açıqlanan 5-ci raund qiymətləndirmə hesabatı Azərbaycanın ƏL/TMM sahəsində üzləşdiyi əsas çağırışları bir daha gündəmə gətirib, ölkənin FATF-ın 40 tövsiyəsindən 11-i üzrə gücləndirilmiş monitorinq mərhələsinə daxil edilib. Bu mərhələ daha sürətli və sistemli islahatlar tələb edirdi və təqdim edilmiş əsaslandırmalar nəzərə alınaraq, elektron köçürmələr, hüquqi təsisatlar, maliyyə institutlarının tənzimlənməsi və nəzarəti, statistika, təlimatlandırma və əks əlaqə üzrə tövsiyələrlə bağlı bütün müraciətlərə dair müsbət qərar qəbul edilmiş, nəticədə müvafiq qiymətləndirmə göstəricilərinin hər birinin reytinqi yüksəldilib".
Z.Fətizadə vurğulayıb ki, bu mərhələdə göstərilən səylər, tətbiq olunan təlimat və nəzarət mexanizmləri, dövlət orqanları ilə koordinasiyanın gücləndirilməsi Azərbaycanın beynəlxalq maliyyə təhlükəsizliyi platformasında mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib: "Bu sahədə ölkənin qarşısında duran çağırışlar kifayət qədər həcmli olub, ilk növbədə, risk əsaslı yanaşmanın institusional səviyyədə gücləndirilməsi, benefisiar mülkiyyət məlumatlarının şəffaflığının təmin edilməsi və elektron pul köçürmələrində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi əsas hədəflər kimi müəyyən edilib. Bununla yanaşı, statistik məlumatların keyfiyyəti və geriyə məlumatlandırma sistemləri yenilənməli, maliyyə institutlarına nəzarət mexanizmləri isə daha sistemli və çevik formaya salınmalı idi. Bu istiqamətlər üzrə aparılmış islahatlar həm daxili nəzarət sistemlərini gücləndirmiş, həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını artırıb. Bu isə FATF platformasında daha əlverişli mövqe, gələcək qiymətləndirmələrdə daha yüksək reytinq və ən əsası, maliyyə təhlükəsizliyi baxımından daha dayanıqlı sistem deməkdir".
O qeyd edib ki, aparılan təkmilləşdirmələr nəticəsində daxili nəzarət sistemi gücləndirilib, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları artırılıb, Azərbaycan maliyyə təhlükəsizliyi baxımından nüfuzlu və etibarlı ölkə kimi qiymətləndirilib: "Nazirlər Kabinetinin qərarı ilə yaradılmış və ƏL/TMM sahəsində fəaliyyətin koordinasiyasını həyata keçirən Koordinasiya Şurası tərəfindən tərəqqi hesabatında 7 tövsiyə üzrə reytinqin qaldırılması üçün müraciət edilməsi qərara alınmış və bu prosesin idarə olunması MMX-yə həvalə edilib".
Z.Fətizadənin sözlərinə görə, 2024-cü ildə hazırlanmış qeyri-kommersiya təşkilatlarının geniş risk xəritəsi, müxtəlif dövlət orqanlarından toplanmış statistik məlumatlara əsasən tərtib olunan risk matrisi bu sektorda sui-istifadə risklərinin dəqiq göstərilməsinə, tənzimləmə tədbirlərinin hədəflənməsinə imkan verib.
"Yeni qəbul edilmiş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun bu sahədə dönüş nöqtəsi olub, ödəniş agentlərinin fəaliyyətinə nəzarət artırılıb, elektron köçürmələrdə müştəri identifikasiyası, məlumat ötürülməsi tələbləri beynəlxalq standartlara uyğunlaşdırılıb, maliyyə əməliyyatlarının izlənməsi və şəffaflığı gücləndirilib. 2025-ci ildə qəbul edilmiş benefisiar mülkiyyətçilər barədə yeni qanun hüquqi şəxslərin faktiki sahiblərinin müəyyənləşdirilməsi, məlumatların yoxlanması prosesininin hüquqi əsaslarını müəyyən edib. Paralel olaraq, kommersiya hüquqi şəxsləri üzrə sui-istifadə riskləri qiymətləndirilib, 2023-cü ildə sahəvi qanunlara edilən dəyişikliklər, yeni korporativ idarəetmə standartları bank və kredit təşkilatlarında risk idarəçiliyini gücləndirib. Hüquqi şəxslərin bu sahədə maarifləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər institusional davamlılığın artmasına gətirib çıxarıb", - MMX-nın sədri bildirib.
Z.Fətizadə deyib ki, ölkədə hazırlanmış geniş statistik baza dövlət qurumları üzrə məlumatların eyni standartla toplanmasına, FATF-ın statistika tələblərinin tam ödənilməsinə səbəb olub, bu tövsiyə üzrə Azərbaycan ən yüksək reytinq alıb: "Müvafiq sahədə potensialın daha da gücləndirilməsi məqsədi ilə 2023-2025-ci illər ərzində MMX və nəzarət orqanları tərəfindən çoxsaylı təlimlər keçirilib və lazımi metodoloji təlimatlar hazırlanıb. Təlimlərin geniş spektri nəzarət orqanları, maliyyə sektoru və hüquq-mühafizə qurumlarını əhatə etməklə, praktiki bacarıqların artırılmasına xidmət edib. Bu siyasət proaktiv yanaşmanın və ƏL/TMM sisteminin bütün iştirakçılarının bilik və hazırlıq potensialının gücləndirilməsi məqsədilə görülmüş işlərin bariz nümunəsidir. Proses çərçivəsində beynəlxalq ekspertin cəlb edilməsi ölkənin qiymətləndirmə strategiyasına yeni yanaşma gətirib, hazırlıq prosesini beynəlxalq təcrübələrə uyğunlaşdırıb. Tərəqqi hesabatının hazırlanması zamanı MONEYVAL katibliyi ilə çoxsaylı görüş və müzakirələr təşkil edilib, Azərbaycanın mövqeyi əsaslandırılaraq təqdim olunub. Eyni zamanda, MONEYVAL üzvü olan ölkələr arasında Azərbaycanın mövqeyinə dair əsaslandırılmış məlumatlar təqdim edilib, bununla da işgüzar əlaqələr möhkəmləndirilib və müvafiq məlumatlandırma işi aparılıb. Bu səylərin nəticəsi olaraq Azərbaycanın reytinqinin qaldırılması MONEYVAL tərəfindən yekdilliklə qəbul edilib. Görülən işlərin nəticəsi olaraq, ölkənin FATF standartlarına uyğunluq səviyyəsi 90,5 %-dək yüksəlib ki, bu da regional və qlobal səviyyədə mövqelərin gücləndirilməsi deməkdir. Nəticədə, Azərbaycan tərəqqi hesabatı qəbul ediləndən sonra MONEYVAL 5-ci raund çərçivəsində qiymətləndirilmiş 32 ölkənin orta reytinqinin göstəricisinə əsasən 24-cü yerdən 14-cü yerə yüksəlib".
MMX-nın İdarə Heyətinin sədri vurğulayıb ki, Azərbaycanın 2023-2025-ci illər ərzində ƏL/TMM sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar ölkənin beynəlxalq reytinqlərinə və etibarlılığına birbaşa təsir göstərir: "Qanunvericilik dəyişiklikləri, institusional koordinasiya, risk əsaslı yanaşmanın tətbiqi və təlim-maarifləndirmə mexanizmlərinin genişləndirilməsi nəticəsində Azərbaycanın əldə etdiyi nəticələr MONEYVAL tərəfindən yüksək qiymətləndirilib. Bu dinamika göstərir ki, ölkə yalnız normativ-hüquqi və tənzimləyici bazanın uyğunluğunu artırmaqla kifayətlənmir, həm də beynəlxalq maliyyə təhlükəsizliyi ekosistemində fəal rol oynayır".