IMG-LOGO

Vüqar Oruc: "Dövlət müəssisələrinin monitorinqi instutisional islahatların məntiqi nəticəsidir"

23 Jan 2026 17:34 3 baxış
IMG

Prezident İlham Əliyevin ötən il dekabrın 30-da imzaladığı fərmanla Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin yaradılması dövlət başçısının apardığı instutisional islahatların məntiqi nəticəsidir.

Bunu "Report" açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Prezidentin rəhbərliyi ilə son illər Azərbaycanda həyata keçirilən islahatlar dövlət idarəçiliyində köklü keyfiyyət dəyişikliyinə hesablanıb: "Əsas fəlsəfəsi mürəkkəb struktur, formal idarəetmə modelindən səmərəlilik, məsuliyyət və nəticəyönümlü idarəetmə olan bu cür islahatlar dövlət idarəçiliyinin bütün səviyyələrində funksional optimallaşma, şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsinin əsaslarını təşkil edir. Dövlət yalnız sahiblik hüququ ilə kifayətlənmir, eyni zamanda idarəetmədə nəticə tələb edən mexanizmlər formalaşdırır. Dövlət müəssisələri artıq sosial yük daşıyan, lakin maliyyə baxımından cavabdeh olmayan strukturlar kimi deyil, dövlət büdcəsi qarşısında konkret öhdəlikləri olan iqtisadi subyektlər kimi qiymətləndirilir. Bu baxımdan Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin yaradılması məhz bu institusional transformasiyanın məntiqi və zəruri tərkib hissəsidir".

"Uzun illər ərzində dövlət müəssisələrinin maliyyə fəaliyyəti mərkəzləşmiş deyil, parçalanmış nəzarət mexanizmləri çərçivəsində həyata keçirilib. Nəticədə büdcə planlaması, maliyyə proqnozları və faktiki icra arasında uyğunsuzluqlar yaranır, bu da risklərin vaxtında aşkarlanmamasına səbəb olurdu. Yeni qurum bu sistem boşluğunu aradan qaldıraraq dövlət müəssisələrinin maliyyə davranışını vahid, peşəkar, institusional nəzarət müstəvisinə keçirir, maliyyə intizamının institusional əsaslarını möhkəmləndirilməsini planlaşdırır. Yeni Agentliyin fəaliyyəti dövlət müəssisələrinin büdcə proqnozlarının hazırlanması, gəlir və xərclərin icrası, borclanma siyasəti və dividend öhdəliklərinin sistemli şəkildə təhlilini təmin edəcək. Bu isə yalnız nəzarət mexanizmi deyil, eyni zamanda risklərin əvvəlcədən müəyyən edilməsi və dövlət büdcəsinə potensial təzyiqlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, dövlət başçısının fiskal siyasətinin əsas prioritetlərindən biri dövlət maliyyəsinin dayanıqlığını qorumaqdır: "Agentliyin institusional rolu dövlət müəssisələrinin maliyyə fəaliyyətini dövlət büdcəsi ilə uzlaşdırmaqla fiskal siyasəti daha real, proqnozlaşdırılan əsaslar üzərində qurmağa hesablanıb. Bu yanaşma orta və uzunmüddətli dövrdə makroiqtisadi sabitliyin möhkəmləndirilməsin, iqtisadi şoklara və ehtimal olunmayan fors-major hallara qarşı dayanıqlığın artırılmasına imkan yaradır. Dövlət büdcəsinin qeyri-effektiv xərclərdən qorunması, maliyyə resurslarının optimal bölüşdürülməsi yeni islahat xəttinin əsas məqsədlərindən biridir".

V.Oruc əlavə edib ki, Agentliyin fəaliyyəti dövlət müəssisələrində şəffaflığın və hesabatlılığın artmasına birbaşa təsir göstərir: "Belə ki, maliyyə göstəricilərinin müntəzəm monitorinqi və təhlili korrupsiya risklərini minimuma endirir. Nəticədə qeyri-effektiv idarəetmə praktikası sistemdən çıxarılır, onun yerini sağlam institusional davranış modeli alır ki, bu, təkcə maliyyə intizamı deyil, həm də dövlət idarəçiliyində ictimai etimadın gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Təşkilatların illik büdcəsi, xərclərin istiqamətləri, qənaət və xərclərin zərurilik əsaslandırmaları, mənfəətin inkişaf layihələrinə istiqamətlənməsi dövrün tələbi kimi ciddi şəkildə monitorinq olunmalı məsələlərdir".

"İlham Əliyevin həyata keçirdiyi institusional islahatların mühüm xüsusiyyətlərindən biri də odur ki, onlar preventiv xarakter daşıyır. Yeni Agentliyin yaradılması da problemlər yarandıqdan sonra deyil, potensial risklərin qabaqlanması məqsədi ilə atılmış addımdır, Prezidentin institusional islahatlarının növbəti mərhələsi olmaqla yanaşı, həm də dövlət üçün əsas meyarın artıq strukturun mövcudluğu deyil, onun effektivliyinin, məsuliyyət yükünün və fəaliyyət nəticəsinin olmasının vacibliyinin göstəricisidir", - deyə ekspert fikrini tamamlayıb.

Xəbər lenti