İnvestorlar tək bazar ssenarisinə deyil, bir neçə mümkün inkişaf ssenarisinə hazırlaşmalıdır.
"Report" Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) istinadən xəbər verir ki, bunu Fondun icraçı direktoru İsrafil Məmmədov Davosda institusional investorlara həsr olunmuş yüksəksəviyyəli dəyirmi masada bildirib.
O, mövcud iqtisadi və maliyyə mühitinin institusional investorlar üçün yeni yanaşmalar və çevik qərarvermə tələb etdiyini qeyd edib, uzunmüddətli dəyərin qorunmasında dayanıqlılığın əsas strategiya olduğunu vurğulayıb, portfel quruluşunda gəlir mənbələri və risk amilləri üzrə məqsədyönlü şaxələndirilmənin əhəmiyyətini qeyd edib.
Eyni zamanda, İ.Məmmədov ARDNF-in mandatına uyğun olaraq cari fiskal sabitliyin təmin edilməsi ilə yanaşı, gələcək nəsillər üçün uzunmüddətli maliyyə aktivlərinin formalaşdırılmasına əsaslanan intizamlı investisiya yanaşmasını diqqətə çatdırıb.
Müzakirələrdə suveren sərvət fondlarının, pensiya fondlarının, beynəlxalq maliyyə institutlarının və aparıcı özəl investisiya şirkətlərinin rəhbərləri iştirak edərək, qlobal iqtisadiyyatın yeni mərhələyə keçidi fonunda formalaşan investisiya mühiti, artan makroiqtisadi və geosiyasi qeyri-müəyyənliklər, eləcə də struktur dəyişikliklərin maliyyə bazarlarına təsiri ətrafında fikir mübadiləsi aparıblar. Sessiya zamanı inflyasiya və faiz dərəcələri mühiti, borc dayanıqlılığı, qlobal maliyyə axınları və iqtisadi artımın regionlar və sektorlar üzrə fərqlənməsi kimi məsələlər müzakirə olunub.
Müzakirələr zamanı institusional investorlar arasında əməkdaşlığın yeni modellərinə də toxunulub. İcraçı direktor fərqli investisiya mandatlarının məhdudiyyət deyil, daha çevik və effektiv əməkdaşlıq platformalarının formalaşması üçün imkan yaratdığını qeyd edərək, bu kontekstdə suveren sərvət fondları, pensiya fondları və inkişaf maliyyə institutları arasında risklərin bölüşdürülməsi və uzunmüddətli kapitalın real iqtisadi ehtiyaclara yönəldilməsinin vacibliyini vurğulayıb.
ARDNF-in bu cür beynəlxalq platformalarda iştirakı qlobal investisiya qurumları ilə dialoqun genişləndirilməsi, dəyişən bazar reallıqlarına uyğun yanaşmaların müzakirəsi və qabaqcıl beynəlxalq təcrübənin Fondun strateji qərarlarında nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır.