Uzun müddətdir, təmir üçün bağlanan Akademik Opera və Balet Teatrının xidməti girişindəyik. Divar boyunca müxtəlif tamaşa və baletlərin afişası asılıb. Küçədən keçən adamlar afişanın qarşısından keçərkən ayaq saxlayır, sərlövhələri diqqətlə incələyir. Elə bu zaman müsahibimdən zəng gəlir.
– Deyəsən bir az erkən gəlmisiniz. Beş dəqiqəyə çatıram.
"Görünür, dirijorların hiss etmə qabiliyyəti çox yüksək olur", – düşüncəsi ilə mühafizəçilərə özümüzü təqdim edib binaya keçirik. Dəhliz divarları boyunca isə opera sənətimizin incilərinin portretləri düzülüb. Bir az da dəhlizi incələmək istəyirdik ki, müsahibimin səsini eşidirik.
Görüşürük, üzərinə "Baş dirijor" yazılan qapıdan içəri keçə-keçə söhbətimizi elə ayaq üstə başlayırıq.
"Report" Akademik Opera və Balet Teatrı, həmçinin Dövlət Kamera Orkestrinin baş dirijoru əməkdar artist Əyyub Quliyevlə müsahibəni təqdim edir.
– ...Gördüyünüz kimi, işgüzar əhval-ruhiyyə var, layihələrimiz çoxdur. Artıq iki kollektivlə çalışıram, bu da layihələrin sayını, sıxlığını artırır. Demək olar ki, hər həftə yeni proqram, yeni konsert, yeni layihə...
– Dünən elə Motsarta həsr olunmuş xüsusi proqram təqdim olundu.
– Bəli, dünən Azərbaycan Dövlət Akademik Filarmoniyasında Motsarta həsr olunmuş xüsusi portret konsertimiz oldu. Gələn həftə isə oxşar konsert İohann Sebastyan Baxa həsr olunacaq. Yanvarın sonlarına doğru isə, Gəncə Dövlət Filarmoniyasında Dövlət Kamera Orkestrinin xüsusi proqramını nümayiş etdirəcəyik. Düzü, dəqiq bilmirəm, Dövlət Kamera Orkestri sonuncu dəfə Gəncədə nə zaman çıxış edib, amma regionlara bu kimi proqramlarla səfərlər çox önəmlidir. Mədəniyyət Nazirliyi də bu istiqamətdə xüsusi layihələr icra edir. Bu çox yaxşıdır.
– Bəs Gəncədən sonra digər bölgələrə səfərlər nəzərdə tutulub?
– Bəli, Gəncədən sonra hələlik Xaçmaz və Xızıya bu səpkidə səfər planlaşdırırıq.
– Aydındır. Əyyub bəy, siz Bakı Musiqi Akademiyasının dosenti və iki böyük kollektivin baş dirijorsunuz. Mütəmadi konsertlər, qastrollar, tədris planı və sair. Bu qədər intensiv və ağır cədvəl sizi yormur ki?
– Bilirsiniz, mən buna, sadəcə, iş deməzdim. Çünki nəticə etibarilə sevdiyim kollektivlərdir, iş prosesi isə yaradıcıdır. Bəli, haqlısınız ki, müəyyən məqamlarda intensivlik çox olur, amma nəticə eynidir: mən bundan zövq alıram. Və o yorğunluğu da aldığımız nəticə və uğurlarla kompensasiya edirik.
– Akademiyada neçənci ildən dərs deyirsiniz?
– 2009-cu ildən. Bakı Musiqi Akademiyası mənim üçün çox doğmadır. Ora çox böyük, çox nəhəng musiqi təhsil ocağıdır. Mən həm tarzən kimi, həm də dirijor kimi orada təhsil almışam – atam Xalq artisti Ramiz Quliyevin sinfində... Xatirimdədir, hələ uşaq ikən akademiyaya gedib gəlirdim, atamın dərslərində otururdum. Hətta tələbəsi olmasam belə, konsertlərdə iştirak edirdim, yəni, bir növ, ora mənim üçün ikinci evdir. Atamla akademiyanı gəzərkən deyirdi ki, bax bizim indi addımladığımız bu dəhlizdə vaxtilə Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov da gəzib, bu divarlarda hələ də onların nəfəsi hiss olunur. Atam üçün isə ora xüsusi idi, çünki 1964-cü ildən akademiyaya gedib gəlirdi. Çalışdığı 406-cı otaq indi ondan bizə miras, xatirə qalıb. Məhz həmin otaqda 60 il tar müəllimi kimi fəaliyyət göstərib. Mən və mənim kimi, məndən böyük tarzənlər məhz o sinifdən çıxıb.
– Mən də atanızdan həmin otaqda müsahibə götürmüşəm, ruhu şad olsun. Özünüzün də qeyd etdiniz kimi, musiqi fəaliyyətinə tarzən kimi başlamısınız, bəs sonradan necə oldu ki, dirijiorluğa yönəldiniz?
– Bu, əslində, kifayət qədər təbii proses idi. Çünki mən elə hesab edirəm ki, dirijorluq fəaliyyətimin hazırlığını uşaq yaşlarından yaşayırdım. Tarzən kimi konsertlər verir, atamla tez-tez qastrollara gedir, müxtəlif konsert salonlarında çıxışlar edir, hətta birlikdə albomlar buraxırdıq. Amma paralel olaraq həm də simfonik musiqi ilə maraqlanırdım. Bunu ailəm də hiss eləmişdi və atam simfonik musiqiyə olan marağımı bütün gücü ilə təmin etməyə çalışırdı. Mənim üçün nadir disklər, CD albomları tapıb gətirirdi, dünya musiqisini addımbaaddım izləməyimə şərait yaradırdı. Hətta elə lent yazıları olurdu ki, atam özünün şəxsi, orijinal diskləri ilə həmin o nadir yazıları dəyişdirirdi ki, mən onlara qulaq asa bilim. Evdə isə özüm üçün canlı orkestrə dirijorluq məşqləri edirdim. Artıq seçim eləmək vaxtı gələndə tərəddüdsüz şəkildə əmin idim ki, mən dirijor olmaq istəyirəm.
– Bu qərarı verəndə neçə yaşınız var idi?
– Haradasa, 14-15 yaşım olardı. Mən Bakı Musiqi Akademiyasına erkən qəbul olmuşdum. Sadəcə, həm tar, həm də xor dirijorluğu üzrə təhsil almışam. O zaman bizdə opera simfonik dirijorluğu yox idi. Elə oldu ki, haradasa, bir il atamın sinfində tar dərsi aldım, ardınca isə Milli Konservatoriya yaradıldı. Nəticədə, Avropa meyilli musiqi ixtisasları və tələbələri akademiyada qaldı, mən də həmçinin. Orada 6 il bakalavr-magistr təhsili aldım ki, bu mənim üçün çox böyük bir dövr idi. Bu illərdə irihəcmli klassik əsərləri belə öz səsimlə oxumuşam. Bunun ardınca isə dövlət xətti ilə Sankt-Peterburqda opera-simfonik dirijorluq ixtisası üzrə təhsilimi davam etdirdim. Orada aspirantura təhsili alan ilk dirijor olmuşam.
Xatırlayıram, ilk imtahanlarımı verəndə atam da mənimlə getmişdi, mənimlə yataqxanada da bir yerdə qalır, imtahan nəticələrini eyni həyəcanla gözləyirdi.
– Atanızla müxtəlif ölkələrdə, müxtəlif səhnələrdə çıxışlarınız olub. Amma mən hesab edirəm ki, bunlar içərisində Heydər Əliyev və Mstislav Rostropoviçin (SSRİ Xalq artisti, dünya şöhrətli musiqiçi, – müəl.) qarşısındakı çıxış musiqi karyeranızda çox böyük əhəmiyyətə malikdir.
– Şübhəsiz. Ümumiyyətlə, o hadisə, çıxış mənim üçün tarixi əhəmiyyət daşıyır, eləcə də hesab edirəm ki, bu, atam üçün də belə idi. Rostropoviç çox böyük bir şəxsiyyət, musiqiçi idi. Ulu Öndərin dəvəti ilə o vaxt uzun müddətdən sonra Azərbaycana yenidən gəlməsi isə böyük bir hadisə idi. Mən sizə deyim, o çıxış heç də əvvəlcədən planlaşdırılmamışdı. Səhər bizə zəng gəldi ki, təcili şəkildə milli alətimiz olan tarla kompozisiya təqdim olunmalıdır. Özü də bu proqram elə olmalıdır ki, orada həm Azərbaycan musiqisi, həm də klassik bir nümunə olmalıdır. Bizim də atamla bərabər repertuarımız onsuz da çox geniş idi. Nəticədə, "Çahargah"la başqa bir seçmə klassik nümunəni təqdim etdik və bu, olduqca böyük maraqla qarşılandı. Hətta konsertdən sonra Rostropoviç Ulu Öndərə yaxınlaşıb dedi ki, bu, sadəcə, bir möcüzədir. Çünki tarda həm milli, həm də klassik bir musiqinin bu şəkildə təqdimatı, doğrudan da, sənət adına, musiqi adına möcüzə idi. Bizim təqdimat ona o qədər təsir etmişdi ki, atamla məni özünün Moskvadakı yubiley gecəsinə də dəvət etdi. Və biz oraya gedib yeganə Azərbaycan musiqiçiləri kimi yüksək səviyyədə çıxış etdik.
– Əyyub bəy, dirijor obrazı biz tamaşaçılar üçün həmişə sirli-sehrli görünür, o cür təsir bağışlayır. Bu mənada, dirijor obrazının mahiyyətindən danışmağınızı istəyirəm. Yəni bir dirijorun dilindən eşidək: dirijor orkestr üçün kimdir?
– Bu, çox geniş bir anlayışdır, yəni suala cavab olaraq dirijorun orkestr üçün kimliyini izah edəcək bir çox nəsnənin adını çəkə bilərəm. Birinci növbədə, dirijor orkestr üçün musiqi rəhbəridir, həmkardır, hətta dostdur, sirdaşdır. Dediyim kimi, mən bu siyahını xeyli uzada da bilərəm. Baxın, həyatda insan üçün həyat yoldaşı anlayışı var, eləcə də musiqidə də belədir: dirijor orkestr üçün ən böyük sənət yoldaşıdır. Dirijor həm də psixoloqdur, müəllimdir, hətta yeri gəldikdə tələbədir. Çünki dirijor orkestrlə işlədikcə həm də öyrənir. Bu saydığım keyfiyyətlərə sahib dirijor heç vaxt uğursuz ola bilməz. Ümumən, dirijor öz düşüncəsini, istəyini orkestrə çatdıra bilirsə, onlar da bunu rahat qavrayırsa, demək, uğurludur.
– Mən sizin müsahibələrinizdən birini xatırladım: orada demişdiniz ki, yaxşı dirijor əlləri olmadan belə jestukulyasiya ilə orkestri idarə eləməyi bacarmalıdır.
– Bəli, bəli, tamamilə.
– Bu günün dinləyicilərindən, onların zövqündən danışaq bir az da. Hazırkı nəsil, yaxud bundan sonrakı nəsillər üçün, sizcə, klassik musiqi, simfonik musiqi nə dərəcədə maraqlıdır?
– Əgər söhbət sırf Azərbaycandan gedirsə, bu yöndə müəyyən bir inkişafın olduğunu düşünürəm. Bir müddət öncəyə baxsaq, həqiqətən, bayağı, yüngül musiqinin təsirinin çox güclü olduğunu görürük və bu qaçılmaz idi.
– İndi bayağı musiqi dinləyicisi yoxdurmu?
– Var, əlbəttə. Sabah da olacaq. Dediyim kimi, bu qaçılmazdır və müəyyən kommersiya maraqlarından doğur deyə, mübarizə aparmaq da çox çətindir. Siz heç də düşünməyin ki, bu problem təkcə bizdədir, xeyr, eyni tendensiya dünyada da var. Bəlkə də, dünyada artıq bununla mübarizə aparılmır, normal qəbul edilir. Biz özümüzdən götürsək, birinci növbədə, unutmamalıyıq ki, Azərbaycan çox böyük, çox zəngin musiqi irsinə malikdir. Bu irsi yaşatmaq kimi təbliğ etmək də çox önəmli faktordur. Bu isə biz musiqiçilərin üzərinə düşür. Mən sizə səmimi deyim, artıq hiss edirəm ki, sizin dediyiniz yeni nəsil, gənc nəsil artıq o bayağı, yüngül musiqidən uzaqlaşıb biz tərəfə, yəni keyfiyyətli musiqi tərəfə gəlir. Asta da olsa, bu proses gedir. Dünən Motsarta həsr olunmuş konsert proqramında kifayət qədər gənc nəsil vardı, eləcə də digər konsertlərimdə də bu mənzərənin şahidi oluram. Gənclərin akademik musiqiyə maraqları, meyilləri artmaqdadır. Bu da, yəqin ki, bizim gördüyümüz işin bəhrə verməsi deməkdir.
– Baxın bayağı musiqinin dəb olmasından danışdıq. İndi isə süni intellekt dövrüdür və artıq süni intellekt vasitəsilə yaradılmış musiqi nömrələri trend olur. Müxtəlif musiqi platformalarında, hətta radiolarda bu kimi musiqiləri eşidirik.
– Nihat bəy, süni intellekt qaçılmaz texniki prosesdir. Hesab edirəm ki, bu təsir zaman keçdikcə daha da dərinləşəcək. Bilirsiniz ki, texnika vaxt keçdikcə insanların həyatına daha da ciddi təsirlər edə, hətta insanları idarə edə bilər. Bu idarəetmənin belə açıq şəkildə süni intellektə verilməsi müəyyən problemlər yarada bilər.
– Musiqidə də həmçinin.
– Bəli, musiqidə də həmçinin. Ümumiyyətlə, baxın biz süni intellekt deyirik, ifadə özü artıq hər şeyi deyir. Musiqi təbii, canlı olmalıdır. İnsan tərəfindən yaradılmalı, insanın emosiya və düşüncələrindən süzülüb gəlməlidir. Əlbəttə, süni bir qüvvə tərəfindən müəyyən bir kompozisiya yaratmaq olar, hətta o mükəmməl səslənə, ideal harmonik təsirdə ola bilər, amma orada ruh, yaradıcı düşüncə, hiss, duyğu, emosiya olmayacaq. Doğrudur, texniki tərəqqi insanın həyatını yüngülləşdirir, asanlaşdırır, amma bu, müəyyən qədər olmalıdır. Düşünürəm ki, bu istiqamətdə nəzarət mexanizmi tətbiq edilməlidir ki, biz həddi aşmayaq. "Bu bizə nə qədər lazımdır", "Hara qədər lazımdır" kimi suallara cavab verəcək bir mexanizm. Yəni süni intellektin musiqi və mədəniyyətimizin inkişafına mane olacaq səviyyədə rol oynamasına imkan verilməməlidir.
– Teatrların repertuarı məsələsi zaman-zaman müzakirə olunur, eləcə də bu, opera və balet teatrına da aiddir. Ümumiyyətlə, bu günlə səsləşən, bu günün tamaşaçısı üçün maraq kəsb edən müasir operalar yazılırmı? Məsələn, mən son olaraq "Nəsimi"ni xatırlayıram, amma onların da müəllifləri bir öncəki nəsildir, əslində. Mənə daha çox gənc müəlliflər lazımdır. Varmı?
– Mənə elə gəlir ki, Akademik Opera və Balet Teatrı bunun üçün maksimum şərait yaradır. Teatrın direktoru Xalq artisti Yusif Eyvazov təyinat aldığı zaman bəstəkarlarla görüş keçirmişdi, onlara motivasiya xarakterli bir söz də vermişdi ki, təki siz yazın, yaradın, biz onları səhnələşdirək.
– Nəticə nə oldu?
– Gəlin razılaşaq ki, biz bəstəkarı nəzarətə götürə bilmərik. Yaxud biz bəstəkarın qarşısında hər hansısa şərt də qoya bilmərik ki, götür müasir opera yaz. Bu, yaradıcı işdir, yaradıcı prosesdir. Əgər əsər, həqiqətən, keyfiyyətlidirsə, yararlıdırsa, ona teatrımızın qapımız açıqdır. Bir şeyi da unutmayaq ki, uzun müddətdir, teatrımız təmir-bərpa üçün bağlıdır, amma, bununla belə, biz prosesin içindəyik, davamı şəkildə işləyirik. İstər klassik repertuar, istərsə də müasir bəstələr... Məsələn, bu yaxınlarda unikal bir hadisə - Üzeyir Hacıbəyovun yarımçıq qalmış "Firuzə" operasının nümunələri əsasında konsert-tamaşamız olacaq. Bəstəkar mərhum İsmayıl Hacıbəyovdur.
Eyni zamanda bir sıra tanınmış bəstəkarlarımızın yeni yaratdığı baletlərin də təqdimatı olacaq.
– Ad çəkə bilərsinizmi?
– Təəssüf ki, yox. Çünki səhnə işi elədir ki, gərək tam olsun ki, biz o barədə təfərrüatı ilə danışa bilək. Bilirsiniz, teatr üçün yazmaq çox çətindir, opera hər gün yazılmır, bunun üçün illər lazım olur. Burada bəstəkardan böyük hazırlıq, təcrübə, liberettoya əsaslanan mövzu, ədəbiyyat işi, ssenari işi, vokal tələbatı, orkestr tələbatına cavab vermək tələb olunur. Yəni çox mürəkkəb bir prosesdir. Eyni sözləri baletə də aid etmək olar ki, bunlar bir günün, bir ayın işi deyil. Yazıla bilər, bəlkə də, amma onun taleyi artıq sual altındadır. Tarixdə də görmüşük ki, böyük bir bəstəkarın 30-40 operası olub, amma onun cəmi bir neçəsi günümüzə qədər aktuallığını qoruyub.
– Əyyub bəy, Heydər Əliyev Sarayında böyük təqdimatı olan "Nəsimi" operası haqqında bir sıra tənqidlər səsləndirildi. Bu tənqidlər daha çox belə idi ki, "Nəsimi" opera yox, sadəcə, bir musiqi kompozisiyasıdır.
– Bilirsiniz, opera mürəkkəb janrdır, onu müxtəlif prizmadan analiz etmək olar. Əgər biz klassik operadan danışırıqsa, duetlər, yaxud 3-5 nəfərin birlikdə oxuması fonunda hər birinin özünün partiyası olmalıdır. Musiqi dilinin mürəkkəbliyi, yenilik və sair tərəfdən də yanaşma mümkündür. Bütün bunlar bəstəkardan asılıdır. "Nəsimi" operası Azərbaycan tarixi üçün çox vacib bir şəxsiyyətin taleyinə həsr olunub. Mən operanın ilk musiqi rəhbəri olmuşam və deyim ki, sevdiyim əsərlərdən biridir. Mənim üçün onun ən güclü tərəfi əsərin melodik ruhudur. Yadda qalan ritmlər, vokal xəttindəki sadəlik, milli alətlərimizdən geniş istifadə, xalq elementlərinin olması əsəri zənginləşdirən keyfiyyətlədir. Bu mənada, düşünürəm ki, "Nəsimi" operası yaşamağa layiqdir. Gəlin razılaşaq ki, istənilən əsəri analiz edib mənfi və müsbət nəticələr çıxarmaq olar.
– Mən premyerada olmuşdum, mənim əsas bəyənmədiyim məqam dekorasiyada, tamamilə, süni intellektdən istifadə idi.
– Mart ayında yeni bir nümayiş olacaq. Gələrsiniz. Burada da süni intellektin müəyyən elementlərindən istifadə olunub, amma bayaq dediyim məqamı xatırlayın: lazımı qədər, çərçivəni aşmadan. Kostyumlar tamamilə yenidir. Gənc rəssam Nərgiz Quliyeva əsər üçün yeni kostyumlar hazırlayıb və həmin dövrün geyimlərini, rəng seçimlərini araşdırıb, təhlil edib ümumi nəticəyə əsaslanaraq həmin kostyumları hazırlayıb. Hətta Nərgiz xanım dövrün geyimləri barəsində sübutlar belə yığıb toplayıb. Məsələn, Əmir Teymurun geyimində qırmızı rəng görürüksə, təhlildə göstərilir ki, o zaman hökmdarların geyimində parlaq rənglər üstünlük təşkil edirdi.
– Aydındır. Mən bildiyimə görə, siz tardan əlavə, həm də zərb alətlərində ifa edə bilirsiniz.
– Sankt-Peterburqda təhsil alarkən elə olurdu ki, tələbə yoldaşlarımıza dəstək üçün müəyyən zərb alətlərində də ifa edirdik. Eləcə də Avropa ölkələrində təcrübədə ikən özümüz üçün fortepiano partiyasını ifa etdiyimiz məqamlar olurdu. Bu özü də xüsusi bir təcrübədir, yəni həm də orkestrin içində olub dirijoru görürük, bizim üçün gizli məqamlar açılır, proses daha aydın olur, çünki dirijoru bu zaman başqa səmtdən görürsən, dərk edirsən.
– Ümumiyyətlə, dirijor mütləq hər hansısa bir musiqi alətində ifa edə bilməlidirmi?
– Bu arzuolunandır. Elə dirijor var, skripka ifa edə bilir, eləsi var, fortepiano, eləsi var, violonçel. Adətən, dirijorluq sənətinə həddi buluğa çatandan sonra gəlinir deyə, buna qədər artıq hansısa musiqi alətində ifa edirsən. Məsələn, mənim kimi.
– Səhnə adamları, adətən, tamaşaçı ilə göz təması quraraq onlardan, bir növ, enerji alır. Bu da onların çıxışına birbaşa təsir edir. Dirijorlarda bu proses bir az fərqlidir, çünki siz səhnədə olarkən tamaşaçı ilə göz təması qura bilmirsiniz.
– Əlbəttə, doğrudur ki, tamaşaçı ilə göz təması, onlardan alınan enerji çox vacibdir. Bizim işimizdə bu, yəqin ki, xüsusi, şüuraltı formada baş verir. Yəni biz də necəsə tamaşaçı ilə əlaqə qura bilirik. Bu bəzən müsbət enerji də ola bilər, bəzən tam əksi də. Və bu enerji sənətçiyə kömək edə də bilər, əksinə sıxa da. Hərdən isə elə ola bilər ki, tamaşaçı sənə sözlə ifadə olunmayacaq enerji ötürər. Amma biz səhnədə tamaşaçı ilə göz təması qurmasaq belə, birmənalıdır ki, onların enerjisini hiss edirik və bu həm dirijora, həm də orkestrə təsir edir.
– Bəs səhnədə elə bir fors-major hal olubmu ki, çıxılmaz vəziyyətdə qalasınız?
– Əlbəttə, olub. Məsələn, xatırlayıram, Bolqarıstanda "Min bir gecə" baletinin premyerası zamanı dirijor pultunun işığı söndü. Məcbur əzbərdən davam elədim, o əsərdə də olduqca mürəkkəb ritmlər var. Mən davam elədikcə görürdüm ki, texniki heyət tamaşaçılardan yayına-yayına, aşağıda işığı düzəltməyə çalışır. Belə məqamlarda dirijor özünü itirməməlidir.
Bir dəfə isə atamla Kanadanın Vankuver şəhərində dünya orkestri ilə birlikdə tar üçün yazılmış əsərin premyerasını edirdik. Çıxışı tamamladıq, amma hiss elədim ki, orkestrdə nəsə texniki problem olub, nəticədə, ifa ürəyimcə olmadı. Atama dedim ki, gəl əsəri bir də ifa edək. Əslində, proqramda başqa ifalar vardı, amma biz yenidən həmin əsəri ifa etdik və bu dəfə, həqiqətən də, tamamilə başqa cür alındı. Ümumiyyətlə, musiqidə təkrar ifa anlayışı, təkrar konsert anlayışı olmur. Hər dəfə başqa olur.











