Azərbaycan Kimberli prosesinə üzv olmadığı üçün ölkəmizin almaz ticarətini həyata keçirməsi mümkün deyil.
"Report" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri İlqar Həsənov bildirib.
O xatırladıb ki, Kimberli prosesi 1990-cı illərin sonlarında Afrikada, xüsusilə Syerra-Leone, Anqola və Konqoda silahlı münaqişələrin maliyyələşdirilməsində istifadə olunan, "münaqişə almazları" və yaxud "qanlı almazlar" kimi tanınan emal edilməmiş almazların qeyri-qanuni ticarətinə qarşı beynəlxalq cavab tədbiri kimi formalaşıb: "Proses 60 iştirakçıdan ibarət olmaqla 86 üzv dövləti təmsil edir. Onun əsas tələblərindən biri də üzv dövlətlərin qeyri-üzv dövlətlərlə almaz ticarətinin qadağan edilməsidir. Ölkəmiz Kimberli prosesinə üzv olmadığı üçün almaz ticarəti aparması qeyri-mümkün sayılır. Bu mexanizm üç əsas prinsip üzrə fəaliyyət göstərir: Sertifikatlaşdırma, İzlənəbilənlik və Hesabatlılıq".
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il fevralın 25-də Azərbaycanın "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli idi:
- emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi;
- emal edilməmiş almazın ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydası;
- emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsinin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə uyğunlaşdırılması;
- sərəncamda qeyd olunan fəaliyyətin rəqəmsallaşdırılması;
- emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili;
Bundan başqa, Nazirlər Kabineti dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etməli, "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin iştirakçıları ilə qarşılıqlı əlaqələrinin qurulmasından irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməli idi.