IMG-LOGO

Efiopiyada WUF13-ə hazırlıq çərçivəsində təbliğat-təşviqat görüşləri keçirilib

23 Jan 2026 13:23 2 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Efiopiyanın şəhər və infrastruktur naziri Çaltu Sani İbrahim, Əddis-Əbəbə meri Adaneç Abiebie, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeytet, Afrika İttifaqının (Aİ) kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və dayanıqlı ətraf mühit məsəlləri üzrə komissarı Moses Vilakati və digər rəsmilərlə görüşlər keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə Azərbaycanın Efiopiyadakı səfiri və Aİ yanında daimi nümayəndəsi Ruslan Nəsibov, Azərbaycanın Keniyadakı səfiri və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında daimi nümayəndəsi Sultan Hacıyev və WUF-ların BMT tərəfindən əsas təşkilatçı qurumu olan UN-Habitatın Afrika üzrə regional ofisinin direktoru Oumar Sylla iştirak edib.

Bildirilib ki, görüşlərdə WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Eyni zamanda, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək forumun dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyəti vurğulanıb.

Bundan başqa, qlobal şəhərsalma çempionu olaraq tanınan Azərbaycanın WUF13 çərçivəsində Afrika dövlətləri ilə sahə üzrə əməkdaşlıq maraqları barədə məlumat verilib.

Həmçinin, əksər görüşlərdə Azərbaycanın COP29, habelə dayanıqlı şəhərsalma və iqlim dəyişmələri proseslərinin əlaqəli təsirləri ilə bağlı əldə etdiyi təcrübə və təşəbbüslərinin Efiopiyanın COP32-yə ev sahibliyi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb və bu çərçivədə əməkdaşlığa ciddi maraq ifadə olunub.

Azərbaycan nümayəndə heyəti, həmçinin, Keniyanın "Şəhər Yoxsulları üçün İqlimə Dayanıqlılığının Yaradılması" (BCRUP) təşəbbüsü üzrə beynəlxalq tərəfdaşların iştirakı ilə Əddis-Əbəbədə təşkil edilən tədbirə də qatılıb.

Xəbər lenti