2025-ci il Azərbaycan karate ailəsi üçün uğurlu olub.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev deyib.
O, ötən il 209 medal qazanıldığını söyləyib:
"2025-ci il Azərbaycan idmanı, o cümlədən karate ailəsi üçün uğurlu illərdən biri kimi yadda qaldı. İl ərzində federasiyanın nəzdində fəaliyyət göstərən idman karatesi, ənənəvi karate və kontakt karate növləri (kyokuşin, aşihara, kosiki) üzrə beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ümumilikdə 209 medal qazanılıb. Bu medalların böyük bir qismi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və olimpiya xətti üzrə keçirilən WKF (Dünya Karate Federasiyası) yarışlarının payına düşür. Milli komandalarımız MDB Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında və Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil ediblər".
Ü.Quliyev karateçilərin III MDB Oyunlarında çıxışına da toxunub:
"Xüsusilə vurğulamaq istərdim ki, 2025-ci ildə Azərbaycanda keçirilən III MDB Oyunları həm açılış və bağlanış mərasimi, həm də təşkilatçılıq baxımından ən yüksək səviyyədə baş tutdu. Karateçilərimizin həm bu turnirdə, həm də İslam Həmrəyliyi Oyunlarında göstərdiyi nəticələri nəzərə alaraq, ötən ilə "əla" olmasa da, 'yaxşı' qiymət vermək mümkündür".
AKF prezidenti medianın rolunu da xüsusi vurğulayıb:
"Medianın rolu bütün sahələrdə olduğu kimi, idmanda da əvəzsizdir. Sizin gördüyünüz iş bəlkə də bizim gördüyümüz işdən daha çoxdur. Çünki siz idmançıları cəmiyyətə təqdim edirsiniz, onların uğurlarını və həyat yolunu işıqlandırırsınız. Bu, yeniyetmə və gənclərin idmana cəlb olunması üçün çox böyük motivasiyadır".