İlk baxışdan zebra ilə at arasında böyük fərq görünmür. Hər iki heyvanın bədən quruluşu oxşardır və əsas fərq kimi yalnız zebraya məxsus qara-ağ zolaqlar diqqəti cəlb edir. Buna görə də çoxları "niyə insanlar zebralardan atlar kimi istifadə etmirlər?" sualını verir.
Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insanlar keçmişdə zebraları da atlar kimi əhliləşdirməyə cəhd ediblər.
Məsələn, Cənubi Afrikada holland kolonistləri zebraları ram etməyə çalışsalar da, bu cəhdlər uğursuz olub. Səbəb isə zebraların olduqca inadkar və idarəolunmaz xarakterə malik olması idi. Onlar tez-tez bağlandıqları yerdən qaçır, insanlara tabe olmaq istəmirdilər.
Alimlər bildirirlər ki, zebra və at milyonlarla il əvvəl eyni əcdaddan ayrılsalar da, sonradan fərqli mühitlərdə təkamül keçiriblər. Təxminən 4-4,5 milyon il əvvəl ayrılan bu iki növ yaşadıqları şəraitə uyğun fərqli xüsusiyyətlər qazanıb.
Mütəxəssislər izah edirlər ki, zebralar şir, gepard və kaftar kimi çoxsaylı yırtıcıların yaşadığı Afrika savannalarında həyatlarını davam etdirmək məcburiyyətində qalıblar. Buna görə də onlar həddindən artıq ayıq, ehtiyatlı və qorxaq olublar. Lakin təhlükə qarşısında çıxış yolu qalmadıqda zebra çox aqressiv davranaraq güclü təpik və dişləmələrlə özünü müdafiə edir.
Məhz bu xüsusiyyətlər zebraların əhliləşdirilməsini çətinləşdirir. Ayrı-ayrı hallarda bəzi zebraların ram edilməsi mümkün olsa da, alimlər bunun ümumi qayda deyil, nadir istisna olduğunu bildirirlər.
Nəzəri baxımdan, uzun illər ərzində ən sakit xasiyyətli zebralar seçilərək süni seçmə yolu ilə daha itaətkar nəsillər yetişdirmək mümkündür. Ancaq mütəxəssislər hesab edirlər ki, bunun praktik faydası çox azdır.
Bunun əsas səbəbi zebraların atlardan kiçik olması və yük daşımaq, qoşqu çəkmək və ya minik heyvanı kimi istifadə baxımından onlardan geri qalmasıdır. Artıq insanlar üçün bu vəzifələri uğurla yerinə yetirən atlar mövcud olduğu üçün zebraları eyni məqsədlə əhliləşdirməyə ehtiyac qalmır.
zerba heyvanlar aləmiMənbə: lent.az