Münasibətin ilk mərhələsində bir çox insan gələcəklə bağlı planlar qurur, birlikdə səyahət etməyi, ailə qurmağı və uzunmüddətli münasibət yaşamağı xəyal edir. Lakin bəzi hallarda tərəflərdən biri bu münasibətə eyni gözlə baxmır.
Lent.az xarici mediaya istnadən xəbər verir ki, psixoloqlar kişinin ciddi münasibət və ailə qurmaq niyyətinin olmadığını göstərən 9 əsas əlaməti açıqlayıblar.
Emosional məsafə saxlayır
Onun gündəlik vərdişlərini, sevdiyi qəhvəni və iş qrafikini bilsəniz də, daxili dünyası haqqında demək olar ki, heç nə öyrənə bilmirsiniz. O, hissləri, qorxuları və həyatında yaşadığı mühüm hadisələr barədə danışmaqdan yayınır. Mütəxəssislərin fikrincə, insan həqiqətən ciddi münasibət istəyirsə, zaman keçdikcə qarşı tərəfə daha çox açılır.
Səbəb göstərmədən yoxa çıxır
Bir neçə gün aktiv ünsiyyətdən sonra qəfil əlaqəni kəsir, daha sonra isə heç nə baş verməyibmiş kimi geri qayıdır. Hər kəs məşğul ola bilər, lakin münasibətə dəyər verən insan adətən yoxa çıxacağını əvvəlcədən xəbər verir. Belə davranış münasibətin onun üçün prioritet olmadığını göstərə bilər.
Ciddi münasibət istəmədiyini özü deyir
"İndi ciddi münasibətə hazır deyiləm", "heç nə planlaşdırmıram", "görək necə alınacaq" kimi ifadələr çox vaxt müvəqqəti fikir kimi qəbul edilir. Psixoloqlar bildirirlər ki, insanlar əksər hallarda niyyətlərini əvvəlcədən açıq şəkildə ifadə edirlər. Buna görə də bu sözləri görməzlikdən gəlmək düzgün deyil.
Münasibət eyni ssenari üzrə davam edir
Bütün görüşlər eyni formada keçir: ev, film, yemək və başqa heç nə. Yaxud da o, yalnız öz maraqlarına uyğun planlar qurur və sizin istəklərinizi nəzərə almır. Bu isə münasibətin qarşılıqlı deyil, yalnız onun rahatlığı üzərində qurulduğunu göstərə bilər.
Sizi şəxsi məkanına buraxmır
Aylar keçməsinə baxmayaraq, evində sizə aid heç bir əşya yoxdur. Təsadüfən unutduğunuz əşyaları isə ilk fürsətdə geri qaytarmağa çalışır. Psixoloqlar hesab edirlər ki, bu davranış emosional yaxınlıqdan qaçmaq istəyinin göstəricisi ola bilər.
Yaxın çevrəsi ilə tanış etmir
Uzun müddət birlikdə olmağınıza baxmayaraq, dostları, ailəsi və yaxınları ilə sizi tanış etmirsə, bu da ciddi münasibət istəmədiyinə işarə ola bilər. Xüsusilə də bu mövzu açılanda müxtəlif bəhanələr gətirirsə, diqqətli olmaq tövsiyə edilir.
Gələcək planlarında siz yoxsunuz
Onun gələcəklə bağlı bütün planlarında yalnız "mən" sözü işlənirsə, "biz" ifadəsi isə demək olar ki, səslənmirsə, bu, münasibəti uzunmüddətli hesab etmədiyini göstərə bilər. Ciddi niyyətli insanlar gələcəyi birlikdə planlaşdırmağa meylli olurlar.
Sizin hissləriniz və maraqlarınız onu maraqlandırmır
Vacib tarixləri unudur, problemlərinizlə maraqlanmır və emosiyalarınıza qarşı laqeyd davranır. Halınızı soruşsa belə, bunu sadəcə formal şəkildə edir. Mütəxəssislərə görə, emosional biganəlik münasibətdə dərin bağlılığın olmadığını göstərən əsas əlamətlərdən biridir.
Çətin anlarda dəstək olmur
Problemlə üzləşəndə kömək etmək əvəzinə kənarda qalır və yalnız ümumi məsləhətlərlə kifayətlənir. Halbuki münasibətə dəyər verən insan tərəfdaşına ən azı diqqəti, qayğısı və dəstəyi ilə yanında olmağa çalışır.
Psixoloqlar vurğulayırlar ki, sağlam münasibət yalnız gözəl sözlərlə deyil, qarşılıqlı hörmət, diqqət, etibar və real davranışlarla qurulur. Buna görə də münasibəti qiymətləndirərkən deyilən sözlərdən çox, atılan addımlara diqqət yetirmək vacibdir.
cütlük münasibətMənbə: lent.az