IMG-LOGO

Qadcetlər uşaqlar üçün nə vaxt təhlükəli olur?

07 Jul 2026 18:11 3 baxış
IMG
0 0

Smartfon, planşet və kompüterlər artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, qadcetlərdən istifadə müddəti və məqsədi düzgün tənzimlənməzsə, bu, yuxuya, təhsilə və psixi sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, uşağın ekran qarşısında keçirdiyi vaxtın nə qədər olması onun yaşından və qadcetdən hansı məqsədlə istifadə etməsindən asılıdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, pediatr, tibb elmləri doktoru Noa Şvarts bildirir ki, ekran qarşısında keçirilən vaxta televiziya izləmək, kompüter və video oyunları oynamaq, sosial şəbəkələrdə vaxt keçirmək, videolara baxmaq və planşetdə xəbər oxumaq daxildir.

Amerika Pediatriya Akademiyası (AAP) qeyd edir ki, bu gün uşaqlar qadcetlərdən məktəb tapşırıqları, maraq dairələrini araşdırmaq və dostları ilə ünsiyyət qurmaq üçün də istifadə edirlər. Buna görə də yalnız istifadə müddəti deyil, istifadə məqsədi də nəzərə alınmalıdır.

Mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:

18 aya qədər ekran vaxtını mümkün qədər məhdudlaşdırmaq və ya tamamilə aradan qaldırmaq tövsiyə olunur. 18 aydan 5 yaşadək gündə maksimum 1 saat keyfiyyətli və yaşa uyğun məzmun izləmək məsləhətdir. Mümkün olduqda valideynlər də uşaqla birlikdə izləməlidirlər.

5 yaşdan yuxarı əsas diqqət dəqiqələrə deyil, balansın qorunmasına yönəldilməlidir. Qadcetlər yuxunu, fiziki aktivliyi, dərs hazırlığını, ailə ilə vaxt keçirməyi və canlı ünsiyyəti əvəz etməməlidir.

Qadcetlərin həddindən artıq istifadəsinin zərərləri

Mütəxəssislər bildirirlər ki, ekran qarşısında normadan artıq vaxt keçirmək bir sıra problemlərə səbəb ola bilər.

Nitq və sosial inkişaf. Kiçik uşaqlar danışmağı və sosial bacarıqları valideynləri və digər insanlarla canlı ünsiyyət zamanı öyrənirlər. Qadcetlər bu prosesi əvəz edə bilmir.

Yuxu problemləri. Ekrandan yayılan işıq və dinamik məzmun uşağın yuxuya getməsini çətinləşdirə bilər. Buna görə də yatmazdan ən azı bir saat əvvəl qadcetlərdən istifadə dayandırılmalıdır.

Fiziki aktivliyin azalması. Ekran qarşısında uzun müddət qalmaq hərəkəti azaldır, bu da əzələlərin inkişafına, koordinasiyaya və ümumi fiziki sağlamlığa mənfi təsir göstərə bilər. Bundan əlavə, uşaqlarda qeyri-sağlam qidalanma vərdişləri də yarana bilər.

Psixi sağlamlıq. Araşdırmalar göstərir ki, qadcet və sosial şəbəkələrdən həddindən artıq istifadə narahatlıq, depressiya və kibertəzyiq (bulinq) riskini artırır. Eyni zamanda uşaqlar yaşlarına uyğun olmayan məzmunla qarşılaşa bilərlər.

Qadcetlərə alternativ fəaliyyətlər

Mütəxəssislər uşaqların boş vaxtını daha faydalı keçirməsi üçün aşağıdakı fəaliyyətləri tövsiyə edirlər:

Açıq havada gəzmək, velosiped sürmək və ya parkda vaxt keçirmək.

Birlikdə kitab oxumaq.

Stolüstü oyunlar, konstruktorlar və məntiq tapmacaları ilə məşğul olmaq.

Əgər uşaq qadcetdən istifadə edirsə, valideynlər də bu prosesdə iştirak etməlidirlər.

Mütəxəssislər birlikdə film və ya veriliş izləməyi, ailə yeməkləri və yatmazdan əvvəl "ekransız vaxt" tətbiq etməyi, həmçinin valideynlərin özlərinin də sağlam qadcet istifadəsinə nümunə olmasını tövsiyə edirlər.

Uşaq qadcetlər smartfon

Mənbə: lent.az

Xəbər lenti