IMG-LOGO

Tədqiqatçı: Xəzərdə suyun səviyyəsi azalaraq 48 il əvvəlki rekordunu yeniləyib

22 Jan 2026 16:31 2 baxış
IMG

Xəzər dənizində suyun səviyyəsi 2026-cı il yanvarın 9-da dünya okeanı səviyyəsindən aşağı 29-cu metrəni keçərək 1978-ci (29 metr) ildəki rekordunu yeniləyib.

Bunu "Report"a açıqlamasında elmi tədqiqatçı-jurnalist Səid Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda sahildə səviyyə son 12 ildə bir metr yarımdan çox enib. Almaniyanın Qapalı Su Hövzələri üzrə Hidroloji Zaman Seriyaları Bazasına görə, hazırda suyun səviyyəsi yanvarın 9-da yeni rekordla qeydə alınıb – mənfi 29.11 metr.

O vurğulayıb ki, bu gün alimlərin diqqətini çəkən əsas dəniz səviyyəsinin endiyi 2 otuzillik dövrdür:

"1948-1978 və 1996-2026-ci illər. Onlar arasında isə səviyyənin 18 illik qalxdığı aralıq var. Əvvəlki mənfi 29 metrlik aşağı səviyyə rekordu birinci 30 illik enmə dövrünün sonunda qeydə alınıb. Sonra bu rəqəm 1995-ci ilə qədər hər il 12 santimetr artaraq mənfi 25 metrə çatmış və son 140 ildəki ən yuxarı həddini bərpa etmişdi".

S.Hüseynov bildirib ki, enmə prosesi əsrin ilk iki onilliyində hər il 7 santimetr sürətlə gedib:

"Bu, dünya su hövzəsinin artım dinamikasından 20 dəfə böyükdür. Xəzər yeni böhran mərhələsinə daxil olub. Son 5 ildə illik azalma 30 santimetrə çataraq dünyaya özünün indiyə qədərki ən yüksək həyəcan təbilini çalmağa başlayıb. Proqnozlar dörd dəfədən çox tezləşib".

Tədqiqatçının alimlərin araşdırmalarına əsasən dediyinə görə, bu gün Rusiya və Qazaxıstanın ərazisinə düşən Xəzərin şimal hissəsi xüsusi sürətlə kiçilir:

"Nəticədə təkcə son 15 ildə dənizin şərq sahil xətti bəzi hissələrdə 8-10 kilometr geri çəkilib. Qazaxıstanın Ölü Kultuk körfəzi tam quruyub, Manqışlaq körfəzi kiçilib və yerində yeni adalar əmələ gəlib. Bu müddətdə cəmi 5 metrlik dərinliyə malik Qaraboğazgöl körfəzinin şərq sahili 26 kilometr geri gedib. Abşeron yarımadasının ətrafında sahil dərin olduğuna görə geriçəkilmə məsafələri şimaldakı qədər böyük deyil. Sular cəmi bir neçə kilometr yığışaraq Zığı Qum adası ilə birləşdirib. Abşeron Milli Parkının yerləşdiyi, yarmadanın "qartal dimdiyi" formalı qurtaracağı uzanıb və enlənib. Bakı bulvarının ən dayaz hissəsində isə 15-20 metr fərq var".

Səid Hüseynov vəziyyətin əsas səbəbini qlobal istiləşmə, dənizin sürətlə buxarlanması və çaylar üzərindəki bəndlərdə görür:

"Xəzərin səviyyəsində baş verən dəyişikliklər ətraf ərazilər üçün ciddi təhlükələr yaradır. Enmənin davam etməsi, temperaturun artması suyun səthində yosun çirklərinin qatını qalınlaşdırır. Nəticədə canlı aləmin atmosferlə əlaqəsini və oksigenini azaldır. Hövzənin ekosistemi üçün ciddi təhlükə yaradır, biomüxtəlifliyin pozulmasına səbəb olur. Suyun səviyyəsi enib-qalxdıqda sahilyanı təsərrüfatlara ziyan dəyir, dolanışıq mənbələri itirilir, infrastruktur yararsız hala düşür. Səviyyə dəyişmələrinin sürəti artdıqca bu təsirlər daha da ağırlaşır".

Xəbər lenti