Xəstəliklər, viruslar, sağlamlıq problemləri soyuq ayların aktual mövzusuna çevrilir. Hər şeydən daha vacib olan can sağlığı aktual məsələ kimi öndə dayanır. Burun axma, yüksək temperatur, qulaq ağrısı, öskürək, asqıraq, əzələ ağrıları və onlarla mübarizə üsulları hələ ki, “ev şəraiti”ndə qalır. Virusa tutulan insanlar ev şəraitində, özbaşına diaqnoz qoyur, iynə, dərman, sistem istifadə edirlər.
Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman Aydın Talışinski Lent.az-a müsahibəsində viruslar onların növləri və müalicə üsullarından bəhs edib.
-Həkim, son zamanlar yayılan virusun ən gec sağalan əlamətlərindən biri də sinusitdir (qaymorit). Bəs onun hansı fəsadları var? Müalicəsi necə aparılır?
- Sinusit adətən soyuq aylarda yaranır. Hər dəfə qış gələndə xəstəlik çoxaldı deyirlər, amma əslində elə deyil. Hər il xəstəliklər yayılır və dəyişən bir şey yoxdur. Biz xəstəlikləri qruplara ayırırıq. Bakteriyal və virus infeksiyaları. Zökəm virus infeksiyasıdır, xəfif və rahat keçirilir, müalicəyə ehtiyac olmur, temperatur çox yüksəlmir. Bir az burun axması və boğazda göynəmə ilə müşayiət olunur. Qrip də virus infeksiyasıdır, lakin zökəmdən daha ağırdır. Onun əlaməti yüksək hərarətdir. Zökəmdən fərqli olaraq qripə yoluxmağın ağır nəticələri ola bilir. Hər ikisi virus infeksiyası olduğu üçün onların müalicəsində həkimlər antibiotik qəbulunu tövsiyə etmirlər. Virus infeksiyası uzun müddət, adətən 10 gün və daha çox bədəndə qaldıqda, o, bakteriyal infeksiyaya çevrilir. Bunun əlamətlərini burunla müəyyən etmək olar. Virusun ilk günü burunda axıntılar şəffaf olduğu halda zamanla o, yaşıllaşır, tündləşir. Bu halın müalicəsi yalnız antibiotiklə mümkündür.
- Bəs ev şəraitində özümüz bakteriyal yoxsa virus infeksiyasına yoluxduğumuzu təyin edə bilərik?
- Ev şəraitində infeksiyanın növünü müəyyənləşdirib, ona uyğun tədbir görmək düzgün deyil. Təkcə axıntının rənginə baxaraq, xəstəliyin növünü müəyyənləşdirmək də yanlışdır. Biz virusu təyin edərkən limfa vəzlərinin şişməsindən tutmuş, halsız, yüksək temperatura qədər yoxlayırıq. Ən önəmli olan isə endoskopiyadır, yəni buruna incə kamera salaraq sinusların ağız hissəsinə baxıb, daha dəqiq sinusit olub, olmadığını deyə bilirik. Evdə burunu nə qədər yusanız da, sinuslar yetəri qədər təmiz olmurlar.
- Həkim, xəstələnəndə tez sağalmaq, ayağa qalxmaq üçün ağlımıza ilk antibiotik gəlir, amma həkimlər əksinə antibiotik istifadəsini mümkün qədər azaltmağı, hər xəstəlikdə qəbulunu tövsiyə etmirsiniz. Səbəb? Antibiotikdən niyə bu qədər qorxuruq?
- Antibiotik təkcə bədəninizə daxil olan bakteriyaları öldürmür axı. Onlar orqanizmdəki faydalı hissələrinə də zərər verir. Sadə dillə desək, antibiotik bakteriyaların müqavimətini daha tez qırdığı üçün faydası hiss edilir, lakin unutmaq olmaz ki, bədən ümumilikdə güclü olduğundan ona vurulan fəsadı gözlə görmək olmur. Amma bu o demək deyil ki, o zərərsiz ötüşür. Burada orqanizmin individuallığı məsələsi gündəmə gəlir. Elə adamlar var ki, 1-2 həb qəbul etdikdən sonra mədə-bağırsağında, qaraciyərində problemlər yaranır. Bilirsiniz, bizdə adi görünsə də, xarici ölkələrdə antibiotikin həkim resepti ilə yazılması bir yana, hətta hər həkim də ürəyi istəyən pereparatı yaza bilmir. Orada dəqiq qaydalar var. Hansı xəstəlikdə hansı dərmanlar olar, xəstəlik ağırlaşırsa, başqa dərmana keçilir. Hətta bəzi dərmanları yazmaq üçün təkcə bir həkimin də imzası yetmir. 2-3 mütəxəssis birləşib, ümumi fikir əsasında resept yazırlar.
- Qulaq təmizliyindən danışaq. Həkimlər deyirlər ki, qulaq çöplərindən istifadə mikro cızıqlar yaradır, daha sonra fəsadlar formalaşır. Bəs buna alternativ olaraq nə ilə təmizlənməlidir qulaq? Neçə müddətdən bir qulaq təmizlənməlidir?
- Bədənin bütün hissələrinin təmizliyə ehtiyacı yoxdur. Məsələn, dişləri fırçalamalıyıq, vaxtaşırı duş almalıyıq, saçları daramalıyıq. Lakin qulağı tez-tez təmizləmək olmaz. Qulağın özünü qoruma mexanizmi var. Rütubətli və qapalı yerlərdə göbələklər və başqa infeksiyalar əmələ gəlməməsi üçün qulaq turşuluq ifraz edir. Lakin tez-tez təmizləyərək, o qoruma sistemini aradan götürsəniz, infeksiyalara daha həssas olarsınız. Qulağı təbii saxlamaq lazımdır. Göbələklər yayılmaq üçün mümbit şərait axtarırlar. Bir neçə həftə qulağa toxunmasanız, o, öz təbii qoruyucu təbəqəsini bərpa edə bilir. Qulağa hansısa pambıqlı çubuğu salıb təmizləmək olmaz.
- Təmizlənməsə, axı bir müddət sonra kənardan baxanda çirk görünəcək.
- O dediyiniz şey çirk deyil. O, nazik, açıq rəngli qoruyucu təbəqədir. Köhnələndə arıtq xaricə çıxmağa başlayır. Yalnız barmağın çatdığı qədər, yəni qulağın girişindən həmin çirk dediyiniz hissəni götürüb, atmalısınız. Bədən lazımi zamanda qulaq girişinə çıxarır ki, siz onun təbiiliyini pozmayasınız. Pozduqdan sonra quruluq yaranır, bədənin qorunma mexanizmi pozulur və göbələklər çoxalır.
- Göbələk eşitməyə təsir edə bilər?
- Göbələk eşitməyə təsir etmir, sadəcə xarici qulaq infeksiyasına yol açır. Eşitmə o halda zəifləyə bilər ki, qulaqda tıxac yaransın.
- Burnumuz tutulanda, xüsusən xəstəlik dövründə nəfəs ala bilməyəndə spreylərdən istifadə edirik. Lakin bir zaman sonra asılılıq yaranmağa başlayır. Burun spreylərindən davamlı istifadənin hansı ziyanları var?
- Dəniz suyu tərkibli spreylər digərlərindən fərqli olaraq asılılıq yaratmır. Onlar iki formada olur, izotonik, yəni 0,9% duz tərkibli və hipertonik, 2%-dən yüksək. Duzluluq faizi yuxarı olanlar tutulmanı daha yaxşı açırlar, lakin bədən üçün yüksək duzluluq faizi məsləhətli deyil. Digər spreylərə gəldikdə isə, ksilometazolin və oksimetazolin tərkibliləri 5 gündən çox istifadə etmək olmaz. Sinusit vaxtı bu spreylərdən bir neçə gün buruna vurmaq lazımdır. Yox, istifadə etmirəm, doğru yanaşma deyil. Çünki onlar burunu açmalıdır ki, antibioitik istifadəsi nəticəsində sinuslarda olan çirk axa bilsin. Həkim istifadəsinin 5 gün təhlükəsiz olduğunu deyirsə, bundan qorxmaq olmaz. Həmin 5 günü mütləq istifadə etmək lazımdır.
- Bəs asılılıq yaradan spreylərin burun ətlərini şişirtməsi fikri doğrudur?
-Burunda olan hər şeyə xalq arasında burun əti deyirlər. 5 gündən çox istifadə etdikdə asılılıq yaradan burun açıcı spreyləri əslində burun ətlərini kiçiltmək üçün istifadə edirik. Lakin uzun müddət vurduqda, əks-təsir yaranır və medikamentoz rinit formalaşır. Bunun müalicəsi də müşkül məsələyə çevrilir. Düzdür, biz istənilən problemlə tıxanan burunu aça bilirik, onlar nəfəs alırlar, amma həmin nəfəsin keyfiyyəti digər insanlarınkı ilə müqayisədə eyni olacaqmı? Bunu deyə bilmərik.
- Həkim, ən çox uşaqlarda müşahidə olunur, boğazlarda badamcıqlar şişir. Onların şişkinliyini əməliyyatsız aradan qaldırmaq olar? Yoxsa cərrahiyə tək yoldur?
- Badamcıqlar uşaq yaşında bir az normadan böyük ola bilər. Lakin bu əməliyyat göstəricisi deyil. Udlaq əti (adenoid), yaxud badamcıqla bağlı konkret şikayət olduqdan sonra ona müdaxilə etmək lazımdır.
Bunları qarışdırmamaq üçün qısaca izah edim: Burun yolu (6-7 sm) bitdikdən sonra boğaza doğru bir döngə gedir, oraya udlaq deyirik. Adenoid adlanan ət isə burunda yox, udlaqda olur. Çoxları buna burun əti desə də, əslində bu udlaq ətidir. Həmin adenoiddən bir neçə santimetr boğaza gedən yolda badamcıqlarla qarşılaşırıq. Badamcıqlar o qədər böyük ola bilər ki, yemək yeyəndə də, burunun arxasından hava keçəndə də çətinlik çəkə bilərsiniz. Ola bilər ki, insan gecə xoruldayır, yaxud nəfəs ala bilmir, amma burununda problem yoxdur. Bu zaman badamcıqlardan şübhələnmək olar.
Badamcıqlar sadəcə fiziki böyükdürsə, heç bir mane yaratmırsa, simmetrikdirsə və iriliyini təsadüfən müayinə zamanı öyrənmisinizsə, ona heç bir müdaxilə etmək olmaz. Lakin uşağa qidalanmaqla, nəfəs almaqla, xoruldamaqla, problem yaradırsa, o zaman tədbir görmək mütləqdir. Burada əsas prioritet nəfəsdir. Düzgün nəfəsalma adenoidlə əlaqədar pozulubsa, yaşa baxmadan müdaxilə etmək olar. 10 aylıq uşaqda belə, bu əməliyyatı icra etmişik. Lakin əsasən bu problem 2 və 3 yaşda görülür. Badamcıq əməliyyatlarını nəfəsalma problemi varsa, yaş məhdudiyyəti olmadan icra edirik. Amma uşaq sıx-sıx badamcıq infeksiyası (angina) keçirirsə, bu halda 3 yaşa qədər əməliyyat etmirik. Əməliyyatda əsas hədəf nəfəsalmadır.
Bəzən də uşağın yaşı 3 olmur, amma onda xorultu, iştah pozuntusu, ciddi yuxusuzluq əlamətləri olur. Bu zaman onların boğaz ətlərini götürmək yerinə kiçildirik. Badamcıq qırxan və radiotezlikli cihaz var. Müasir texnologiya ilə istənilən halda boğaz ətini kəsmədən və funskiyasını bitirmədən tam normal vəziyyətə gətirə bilərik.
- İnfeksiyaya tutulan zaman LOR problemlərdən hansı orqanizm üçün daha çox fəsad yarada bilər? Nə zaman həkimə müraciət etməliyik?
- Xəfif boğaz ağrısı və burun axmasında həkimə getmək mütləq deyil. İşlər yolunda getmirsə, halsızlıq artırsa, qida və maye qəbulunda problem varsa, temperatur yüksək və kontrol altına alına bilmirsə, onda həkimə müraciət etmək lazımdır. Bu əlamətlərdən əlavə bəzi qapalı orqanlar ağrıyan zaman mütləq, yubatmadan həkimə getmək lazımdır. Buraya qulağı əlavə edə bilərik, qulaq ağrısının səbəbini həkimsiz müəyyənləşdirmək mümkün deyil.
- Yüngül əlamətlərlə həkimə getməyin vacib olmadığını deyirsiniz. Xəstəliyə tutulanda adətən toz halında olan preparatları suya qataraq, içirik. Onların fəsadı varmı?
- Bəlli miqdara qədər içə bilərsiniz. Onların faydası olub-olmaması da sual altındadır. Virusa tutulan zaman su və digər maye qəbul edə, dincələ bilərsiniz. Həmin toz preparatlar sudan çox da fərqli deyil, lakin tərkiblərində qızdırma salan elementlər olduğu üçün bir neçə saat insanı gümrahlaşdırır. Amma qəbul etdikdən bir neçə saat sonra tamamilə sağaldığınızı zənn edib, aktiv həyata atılsanız, sonda daha pis vəziyyətlə üzləşə bilərsiniz. Əsas məsələ odur ki, dərmanla bir neçə saata sağalacağınızı düşünməyəsiniz. Bu viruslar adətən bir neçə gün çəkir. Həmin müddətdə də özünüzə vaxt ayırın. İlk günlərdə sistem qoşdurmağa da ehtiyac yoxdur.
- 48 saat ərzində müdaxilə etdikdə qrip virusu daha erkən sağalır deyirlər. Bəs həmin 48 saatda istifadə edə biləcəyimiz, reseptsiz satılan hansısa dərman tövsiyə edə bilərsiniz?
- İlk 2 gün ərzində xəstəliyi yüngülləşdirmək üçün dərman qəbul etmək olar. Amma bu da mütləq deyil. Oseltamivir tərkibli “Tamiflu” adlı dərmanı qripin ilk günləri qəbul etmək olar. Amma soruşsanız ki, siz özünüz içirsiniz? Yox deyərəm, çünki bu dərman da məcbur deyil. Virus infeksiyasında dərman pereparatının istifadəsi mütləq olmasa da, bakterial infeksiyada antibiotik müalicəsi olmasa çox böyük fəsadları yarana bilər. Qulaq infeksiyası beyinə, burun infeksiyası gözə və beyinə gedə bilər.
- Bəs viruslardan qorunmaq üçün əsas tövsiyələriniz nələrdir?
- Uşaqların ildə bir neçə dəfə virus infeksiyası keçirməsi qorxulu bir şey deyil, hətta xoş haldır. Çünki bədəndə immunitet formalaşır, viruslarla tanış olur. Uşağı qapalı məkanda böyütmək doğru deyil. Əlbəttə, otit və angina olmamağı şərti ilə sosiallaşmasına izin vermək lazımdır. Virusdan qorunmağın ən yaxşı yolu əl təmizliyi və xəstə insanlarla məsafə saxlamaqdır.
- Həkim, son olaraq oxuculara nə demək istəyirsiniz?
- Ötən həftələrdə Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunması ilə əlaqəli qanun imzalayıb. Mən arzu edərdim ki, bizim alimlər, ziyalılar, həkimlər öz davranışları ilə cəmiyyət nümunə olsunlar. Deyə bilərsiniz ki, bunun mövzu ilə nə əlaqəsi var? Mənəvi dəyər bütün mövzularla, ilk növbədə də sağlamlıqla əlaqəlidir. Çünki mənəvi sağlam olan insan fiziki sağlamdır. Bunlar ahəng şəklində formalaşmalıdır. Digər ölkələrdə də ziyalı təbəqə öz davranışı ilə hamıya nümunədir, bizdə də bu qayda pozulmamalıdır. Media tərəfindən göstərilən, təbliğ olunan şəxslər nümunəvi vətəndaş, ailə modeli, həyat tərzi, oxuma sevgisi, dəyərlərimizə bağlılıq sevgisi ilə önə çıxsınlar ki, bu cür qanunlarla gələcəkdə daha az ehtiyac yaransın.
Foto - Rüfət Mustafayev ©️ APA GROUP
sinusit qaymarit xəstəlik infeksiya virus infeksiyası bakteriyal infeksiya Aydın Talışinskiy uzman həkim Lor cərrahla müsahibə qrip























