ABŞ iqtisadiyyatı demək olar ki, inflyasiyasız inkişaf edir - son üç ayda bu, 1,2 % təşkil edib.
"Report"un Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində çıxışı zamanı deyib.
"Biz ölkə tarixində ən pis inflyasiyanı miras almışdıq, indi isə iqtisadi artım 5,4 % təşkil edir və bu rəqəm düzgün hərəkət etsək iki və üç qat arta bilər", - o vurğulayıb.
D.Trampın sözlərinə görə, ABŞ 18 trilyon dollardan çox yeni investisiya cəlb edib ki, bu da rekord göstəricidir və əvvəlki göstəriciləri dəfələrlə üstələyir: "Tarixdə heç bir ölkə buna yaxın rəqəmlərə nail olmayıb".
O bildirib ki, xarici investorlar ABŞ iqtisadiyyatına investisiya qoyuluşlardan əhəmiyyətli fayda əldə edəcəklər: "Sizdən bir çoxunuz ölkəmizə investisiya qoyursunuz və düşünürəm ki, investisiyalarınızdan son dərəcə məmnun qalacaqsınız. Əvvəllər görmədiyiniz rəqəmləri görəcəksiniz".
D.Tramp, həmçinin vurğulayıb ki, ABŞ-nin ticarət kəsiri bir il ərzində 77 % azalıb və ölkə bütün dünya üzrə tərəfdaşları ilə tarixi ticarət sazişləri imzalayıb: "ABŞ inkişaf etdikcə bütün dünya inkişaf edir".