Moskva NATO ölkələrini hava məkanını pozmaqla, kiberhücumlar və təxribatlar həyata keçirməklə sınayır.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Alyansın Baş katibi Mark Rütte deyib.
"Rusiya Prezidenti Vladimir Putinin hərbi maşını 24 saat hərbi avadanlıq istehsal edir. Moskva isə hava məkanını pozmaqla, kiberhücumlar, təxribatlar və s. həyata keçirməklə bizi sınayır", - M.Rütte bildirib.
O, həmçinin NATO-nun cənub sərhədlərində terrorçuluq və qeyri-sabitlik təhlükəsinin qalmasına işarə edib, bu da bu təhlükələrin qarşısını almağa hazır olmağın zəruriliyindən xəbər verir.
M.Rütte hesab edir ki, bu istiqamətdə iş Atlantikanın hər iki tərəfində müdafiə istehsalının və innovasiyaların artması hesabına sürətli rejimdə gedir.
"Bu, bizim silahlı qüvvələrimiz, sənayemiz, biznesimiz və kollektiv təhlükəsizliyimiz üçün yaxşıdır", - o bildirib.