İsveç hərbçiləri Qrenlandiya ərazisində təlimlərlə bağlı kəşfiyyatı başa çatdırıb və Danimarkanın adasını tərk edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin məlumatında bildirilib.
"İsveç Silahlı Qüvvələri Qrenlandiyada kəşfiyyat əməliyyatını başa çatdırıb. Aparılan işlər NATO üçün getdikcə daha böyük strateji əhəmiyyət kəsb edən Qrenlandiya və Arktikada gələcək təlim tədbirləri üçün şərait və imkanları öyrənmək məqsədilə aparılıb", - məlumatda qeyd olunub.
İsveç il ərzində regionda təhlükəsizliyi və NATO-nun şimal cinahının müdafiəsini gücləndirmək məqsədi daşıyan "Arktika dözümlülüyü" adlı Danimarka təlimlərində iştirak edəcək.
Krallığın Baş naziri Ulf Kristersson daha əvvəl İsveç zabitlərinin Danimarkanın xahişi ilə adaya getdiyini bildirib, lakin onların sayını açıqlamayıb.