Son zamanlar sosial şəbəkələrdə təhlükəli bir ifadə dövriyyəyə buraxılıb — “zurnalistika”. Bu söz bəzən guya “tənqid”, bəzən “ironiya”, bəzən isə açıq-aşkar aşağılama niyyəti ilə işlədilir. Lakin niyyətindən asılı olmayaraq nəticə dəyişmir: bu ifadə bütövlükdə jurnalistika peşəsinin adına və nüfuzuna zərbə vurur.
Jurnalistika sadəcə bir peşə deyil. Bu, ictimai məsuliyyətdir, cəmiyyət qarşısında öhdəlikdir, sözün gücünə verilən dəyərdir.
Təbii ki, peşə prinsiplərini pozan fərdlər ola bilər. Ancaq ayrı-ayrı səhvlərə görə bütöv bir sahəni aşağılamaq nə məntiqlidir, nə də ədalətli.
Ən təhlükəlisi isə odur ki, “zurnalistika” ifadəsi getdikcə normallaşdırılır. Sosial şəbəkələrdə bu sözə artıq tez-tez rast gəlirik. Düşünürəm ki, buna susmaq, göz yummaq, “əşi, nəyimə lazımdır” deyib keçmək olmaz. Çünki bəzən susmaq razılaşmaq kimi qəbul olunur. Bu yanaşma davam edərsə, sabah jurnalistikanın özü yox, onun adına lağ obyektinə çevrilmiş saxta bir anlayış qalacaq.
Söz azadlığı adı altında peşə nüfuzunun tapdalanmasına göz yummaq olmaz. Tənqid olmalıdır, amma təhqir yox. Müzakirə olmalıdır, amma alçaltma yox. Çünki jurnalistikanı qorumaq cəmiyyətin özünü qorumaq deməkdir.
Məhz bu məqamda Mətbuat Şurasının məsuliyyəti ön plana çıxır. Jurnalistikanın adını və şərəfini qorumaq ilk növbədə bu qurumun missiyasıdır. Peşəyə qarşı açıq hörmətsizlik nümayiş etdirən, onu təhqir edən ifadələr işlədən şəxslərə münasibətdə prinsipial mövqe ortaya qoyulmalıdır. Bu söz nə ciddi, nə də zarafatla qəbul edilə bilər.
Bu peşənin adını ucuz ifadələrdən, məsuliyyətsiz yanaşmalardan və məqsədli gözdənsalmadan qorumağın vaxtıdır. Və bu işə ən başda Mətbuat Şurası liderlik etməlidir.
Mətbuat Şurası