IMG-LOGO

Hindistan və Aİ azad ticarət sazişi ilə bağlı nəticə əldə etməyə yaxındır

22.01.2024 08:54 56 baxış
IMG

Hindistan və Avropa İttifaqı müzakirə olunan azad ticarət sazişi ilə bağlı bir sıra fikir ayrılıqlarını aradan qaldırıb və danışıqların yeddinci raundunu keçirməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

“2023-cü il oktyabrın 16-dan 21-dək baş tutan altıncı raundda 23 sahədən 18-də mühüm irəliləyiş əldə olunub. Bu raunddan sonra son üç-dörd ay ərzində hər iki tərəf bir sıra fikir ayrılıqlarını aradan qaldırıb və 2024-cü il fevralın 19-23-də Hindistanın paytaxtında keçiriləcək danışıqların yeddinci raundunun başlanması üçün zəmin yaradıblar”, – nəşr məlumatlı mənbəyə istinadən bildirib.

Danışıqların yeni raundunda əsas diqqətin xidmətlər və investisiyalara yönələcəyi gözlənilir.

Qeyd edək ki, Aİ və Hindistan hərtərəfli azad ticarət sazişi üzrə danışıqlara 2007-ci ildə başlayıb, lakin onlar 2013-cü ildə tərəflər arasında əqli mülkiyyət hüquqları, İT sektorundakı şirkətlərdə informasiya təhlükəsizliyi və müəyyən malları, məsələn, avtomobillərin bazara çıxış məsələlərində fikir ayrılıqları səbəbindən dayandırılıb.

Danışıqlar 2022-ci ildə bərpa olunub. Aİ Hindistandan kiçik firmalar üçün ticarət maneələrini aradan qaldırmasını və xidmətlər və dövlət satınalmaları üçün bazarlar açmasını istəyir. Bununla belə, Hindistan mikro, kiçik və orta müəssisələrinin maraqlarını qoruyur, həmçinin hindistanlı fermerlərin vəziyyətini nəzərə alaraq kənd təsərrüfatı və süd məhsulları kimi həssas sektorları qoruyur.

Hindistanın artıq Avstraliya və BƏƏ ilə azad ticarət müqavilələri var və Böyük Britaniya və Kanada ilə danışıqlar aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti