IMG-LOGO

Böyük qayıdışın böyük parçası: Ağdam və Füzulinin ailə-ailə, ev-ev, məktəb-məktəb bərpasından – REPORTAJ

19 Jan 2026 17:36 3 baxış
IMG

Ağam şəhərim!

Adam şəhərim!

Ağdam şəhərim!

Şükür külünə,

şükür qayıdış gününə!

Qulu Ağsəs

Üzü Ağdama…

Diqqət! İşğaldan azad olunmuş ərazilərə daxil olursunuz… – sürücümüz böyük sərlövhənin yaxınlığında maşını kənara çəkib saxlayır. Ənənəvi yoxlanış gedir: "Kimsiniz?" "Hara gedirsiniz?" "Nəyi çəkəcəksiniz?"

Hər Qarabağ səfərində eşitdiyimiz suallar və hər dəfəsində də daha dolğun, daha qəti verdiyimiz cavablar… Məsələn, xatırlayıram, ilk Qarabağ səfərində nəyi çəkəcəyimiz barədə suala cavab tapmamışdım. "Dağıdılmış şəhər", "Viran edilmiş talelər", "Vandalizm" və sair, və sair.

İldən-ilə bu suallara verəcəyimiz cavablar həm də bir məsuliyyətə çevrilir. Hər səfəri bir öncəki ilə müqayisə edəndə Qarabağın ev-ev, ailə-ailə, məktəb-məktəb inşa edildiyinin, yenidən qurulduğunun şahidi oluruq.

Polislər şəxsiyyət vəsiqələrini yoxladığı vaxt fürsətdən istifadə edib səfər planımıza nəzər salıram: öncə Ağdam, sonra Füzuli, sonra Hadrut, Ağdərə, Xocalı və nəhayət, Xankəndi.

Bu mənim Qarabağa ən uzunmüddətli səfərimdir. Gözümün önündə indiyə qədərki bütün səfərlərimi canlandırır və hər səfərdən yadıma nəsə bir xatirə salmağa çalışıram. İlk səfərlərdən yadıma düşən yol boyunca gördüyümüz dağıdılmış evlər, uçuq-sökük tikililərdirsə, sonrakılarda mənzərə başqadır: yenidən qurulan Qarabağ, doğma yurd-yuvalarına qayıdan qarabağlılar…

Elə bu vaxt səfər boyunca bizə bələdçilik edəcək nümayəndələrin birindən media üçün yaradılmış qrupa mesaj gəlir: ilk dayanacağımız Ağdam rayonu Xıdırlı kəndi olacaq…

Qayıdışın ən parlaq təcəssümü – məktəbli səsləri

Kəndin ətrafı ilə dolanan və kəndi önümüzdə böyük bir rəsm tablosu kimi sərən yolun ən hündür nöqtəsində dayanırıq. Fotoqrafımız özü üçün lazımi kadrları götürdüyü zaman mən də bəhs etdiyim tablonu mümkün qədər daha detallı incələyirəm. Tablonun kənarları boyunca boz rəngə bürünmüş və vandalizmin bütün formalarını özündə ehtiva edən mənzərə görünür. Dağıdılmış yurd-yuva, viran edilmiş kənd-kəsək, yarımçıq qalmış onlarla, yüzlərlə, minlərlə gələcək… Tablonun ortasına doğru isə işığın və ümidin rəngləri özünü göstərir; yenidən qurulan kənd, yenidən inşa edilən evlər, qayıdışın ən parlaq təcəssümü – məktəbli səsləri.

Kəsəsi, Xıdırlı kəndinin dayandığımız nöqtədən görünən mənzərəsi həm də Ağdamın bundan sonrakı həyatını özündə əks etdirir: həyat, işıq və sağlam gələcək.

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbindəyik. 528 şagird yerlik məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan Prezidentləri tərəfindən qoyulub.

Dərs gedir. Bu sakitliyi fürsət bilib məktəbin infrastrukturu ilə tanış oluruq. Məktəbin direktoru Mətanət Məmmədova bina haqqında ətraflı məlumat verir.

"Məktəb ikimərtəbəli olmaqla ümumi 2,7 hektar ərazidə yerləşir. Burada 21 sinif, 2 kompüter, 2 texnologiya, 2 informatika otağı, 3 fənn kabineti, laboratoriyaları, hərbi və məktəbə hazırlıq otaqları, həmçinin akt zalı, qapalı idman zalı və açıq idman meydançası və bufet mövcuddur".

Direktorla söhbətimiz əsnasında məlum olur ki, o, 23 yaşında da məhz Xıdırlı məktəbində müəllim kimi çalışıb.

"Mən cəmi 3 il fəaliyyət göstərə bildim", – bir qədər ara verib davam edir:

"…Çünki kəndimiz işğal edildi və mən 26 yaşında doğma kəndimizi tərk etməli oldum. Müəllimlik fəaliyyətim sonrakı illərdə davam etsə də, həmişə ürəyim məhz Ağdamla, Xıdırlı ilə döyünürdü. Nəhayət, 2025-ci ilin 15 sentyabrında yenidən doğma kəndimə, məktəbimə qayıdanda başa düşdüm ki, bu qədər zamanı heç də boşuna gözləməmişəm…"

Keçən otuz ildən artıq zamanda bir dəfə də olsun, içindəki ümidi qırılmağa qoymayan Mətanət müəllimə indi hamılıqla Ağdamın gələcəyinin qurulmasında pay sahibi olmalarından məmnunluqlarını dilə gətirir.

"Şübhəsiz, indi bizim üzərimizə daha böyük məsuliyyət düşür. Ağdam yenidən qurulduğu kimi, biz müəllimlər də gələcək naminə gənc nəslin sağlam və düşüncəli yetişməsi üçün çalışırıq. Onların milli şüurunun inkişafında, əsl vətəndaş kimi yetişməsində əlimizdən gələni edirik".

Direktorla söhbətimizi yekunlaşdıran kimi zəng səsi eşidilir. Düzü, sonuncu dəfə məktəb zəng səsini nə zaman eşitdiyimi xatırlamasam da, bu zəng səsi və onun ardınca dəhliz boyunca uşaqların qaynaşması bir anlıq məni də orta məktəb illərinə aparır. Qayğısız və heç nə ilə əvəz edilməsi mümkün olmayan uşaqlıq illəri… Dəhliz boyunca o yan-bu yana qaçışan, deyib-gülən, zarafatlaşan, ya növbəti dərsin müzakirəsini edən balaca ağdamlılara baxdıqca özümü onların arası ilə o tərəf-bu tərəfə gedən müəllim heyətinin yerinə qoyuram. Birinin uşaqlığını, birini gəncliyini, birinin də lap körpəliyini almışdı işğal adlı o yırtıcı məfhum. İndi həmin müəllimlər məhz bu uşaqların qayğısız-qayğısız gülüşməsində, qaynaşmasında öz keçmişlərinə qayıdır, bu keçmişdən Ağdamın gələcəyinə doğru uzanan sağlam gələcəyə baxıb qürrələnirlər.

Böyük qayıdışın böyük parçası: Ağdam və Füzulinin ailə-ailə, ev-ev, məktəb-məktəb bərpasından – REPORTAJ

Yenidən zəng səsi və yenidən sakitlik. Sinif otaqlarının birinin qarşısında dayanırıq. Birinci siniflərə ingilis dili dərsidir. Hər nə qədər dərs prosesinə mane olmaq istəməsək də, ağdamlı birincilərlə həmsöhbət olmaq sevdası bizi sinif otağına aparır.

Əzizə Mehdizadənin yeddi yaşı var, özünü Ağdamda çox yaxşı hiss etdiyini və yeni dostlar tapdığını deyir.

Əzizə dərslərini yaxşı oxuduğunu, hər gün daha çox çalışdığını bildirir. Bu isə sözün həqiqi mənasında, yeddidən yetmiş yeddiyə hamımızın başa düşdüyü bir həqiqətdir: Ağdam yenidən qurulur və bu yenidənqurma üçün sağlam gəncliyə, sağlam gələcəyə ehtiyac var.

Məktəbin fizika-riyaziyyat müəllimi Şərifə Hüseynova da pedaqoji fəaliyyətinə Ağdamda başladığını, erməni işğalı nəticəsində yurd-yuvasından didərgin düşdüyünü xatırladaraq, 32 il sonra "Böyuk qayıdış"ın bir parçası olmaqdan qürur duyduğunu qeyd edir.

"Bu, Azərbaycanın düşmən üzərində qələbəsinin növbəti hissəsidir. İndi alnımız açıq, üzümüz ağ şəkildə öz həyatımıza davam edirik. Bu günlər üçün Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, müharibə veteranlarımıza borcluyuq. Onlar torpağı düşmən tapdağından qurtardı, biz isə bu torpaqlarda yaşamağa, yaratmağa və öyrətməyə gəlmişik".

Ağdamda ailə olmaq…

Növbəti dayanacağımız Xıdırlı kəndində Cəfərovlar ailəsi olur. Ailə ilə söhbətimiz zamanı öyrənirik ki, ailənin üzvü Asif Cəfərov 1993-cü il döyüşlərində elə məhz Xıdırlı kəndində itkin düşüb.

Keçən 30 ilin hər günü, hər dəqiqəsi həm torpaq, həm də övlad həsrəti çəkən 78 yaşlı Sitarə nənə Xıdırlıya qayıdan ilk ailələrdən olduqları üçün özünü çox xoşbəxt hiss etdiyini deyir.

"Qaçqınlıq dövründə yurd-yuvadan uzaq xeyli əziyyət çəkmişik... Bu günə şükür, min şükür".

Ağdamdan çıxdıqları günü necə xatırladığını soruşanda isə bayaqdan bəri dinməzcə söhbətimizə qulaq kəsilən oğlu Aqil Cəfərov iki dəfə dərindən ah çəkir:

– O günü unutsam, namərdəm.

Əslində, bu cümlə təkcə özünün və ailəsinin deyil, bütövlükdə hər bir azərbaycanlının yaddaşının ən dərin guşəsində əbədi kök salmalıdır. O günü, məhz o günü unutmamalı, o günü, məhz o günü xatırlaya-xatırlaya həm də sabah üçün, gələcək üçün körpü inşa edilməlidir. Qarabağın işğalını, otuz illik keşməkeşi, qaçqınlıq həyatını, Başlıbel müsibətini, Ağdabanı, Xocalı faciəsini unutsaq, sabahımız heç bir halda möhkəm və təməlli inşa edilə bilməz, əlbəttə.

"Mən Xıdırlıdan çıxanda 19 yaşım var idi, indi 52 yaşında yenidən elimə-obama qayıtmışam. Bu sevinci, xoşbəxtliyi heç bir sözlə ifadə eləmək olmaz. Xıdırlı camaatı köçkünlük dövründə ancaq xeyirdə-şərdə görüşə bilirdisə, indi hamımız bir yerdəyik. Allah o günləri bir də bizə göstərməsin", – deyir Aqil Cəfərov.

İşlə təmin olunmasına gəldikdə isə nümayəndəliyə müraciət etdiyini və tezliklə Ağdamın Baharlı qəsəbəsində işlə təmin olunacağını bildirir.

Ağdam Sənaye Parkı – biznes mühiti üçün əlverişli şərait

Cəfərovlar ailəsi ilə söhbətimizi yekunlaşdırıb çayımızı içdikdən sonra bölgənin iqtisadi inkişafı üçün yaradılan Ağdam Sənaye Parkına yola düşürük. Adıçəkilən müəssisələr şəbəkəsi Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" ilə birlikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi aktivliyini artırmaq, Qarabağın sənaye potensialının inkişaf etdirmək, sahibkarlığı dəstəkləmək və "Böyük qayıdış" çərçivəsində köçürüləcək əhalini dayanıqlı iş yerləri ilə təmin etmək üçün nəzərdə tutulub.

2021-ci ilin 28 mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan sənaye parkı ümumilikdə Azərbaycan ərazisində inşa edilən beşinci Sənaye Parkıdır.

Parkın yerləşdiyi ərazi otuz ildən artıq bir dövrdə dağıntı və vandalizmə məruz qalsa da, bu gün bura ən müasir infrastruktur ilə təmin olunur, yüksək texnoloji istehsal sahələri formalaşdırılır. Ərazidə logistika, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı, yüngül sənaye, xidmət və innovasiya sahələrində fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. İnfrastruktur isə tamamilə "ağıllı idarəetmə" prinsiplərinə uyğun qurulur: enerji, su, rabitə, təhlükəsizlik sistemləri müasir standartlara cavab verir.

Bir sözlə, Ağdam Sənaye Parkı biznes mühiti üçün ən əlverişli şəraitə malikdir.

Səfər çərçivəsində park ərazisindəki müəssisələrdən birində – "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) iş şəraiti ilə tanış oluruq.

MMC-nin texniki direktoru Ruslan Şıxəliyev müəssisədə Azərbaycanda ilk dəfə olaraq, elektromobillərin şarj cihazlarının istehsal olunduğunu bildirərək digər istehsal məhsulları barədə məlumat verir.

"Şirkətimiz enerji, sənaye və infrastruktur obyektlərində elektrik qurğularının istehsalı, layihələndirilməsi və təchizatı ilə məşğuldur. Bu günə qədər işğaldan azad olunmuş ərazilərin 90 faizini istehsal etdiyimiz məhsullarla təmin etmişik".

Direktor hazırda şirkətdə 70-ə yaxın şəxsin çalışdığını bildirir.

"Onların da 90 faizdən çoxu yerli sakinlərdir ki, bu da yerli sosial rifahın inkişafına töhfə verir".

Şirkətin iş prinsipi ilə tanışlıq zamanı o da məlum olur ki, "Eel Electric" MMC 2022-ci ilin noyabr ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və şirkətin investisiya dəyəri 3 milyon manatdan çoxdur.

Ağdam İmarət Kompleksi – Qarabağ tarixinin ən böyük şahidi

Ağdam İmarət Kompleksi ümumilikdə 3.3 hektar sahəni əhatə edir. Kompleksin ərazisində türbələr və tarixi qəbiristanlıq kimi müxtəlif əhəmiyyətli strukturlar mövcuddur. Ərazidəki atçılıq kompleksi isə məşhur Qarabağ atlarının təqdimatı üçün nəzərdə tutulub.

Kompleksdəki xüsusi guşələrdə Cavanşirlər sülaləsinin tarixi ilə bağlı müxtəlif faktlar, Qarabağ xanlığı haqqında ümumi məlumatlar, həmçinin Xurşidbanu Natəvanın yaradıcı dünyasına həsr olunmuş audiovizual təqdimat da mövcuddur.

Burada həmçinin İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar nümayiş olunur.

Həmsöhbət olduğumuz Aynurə Cəfərova Ağdamın Şıxlar kəndindən olduğunu, hazırda kompleksdə şöbə müdiri kimi çalışdığını bildirir.

"Kəndimizdən çıxanda 3 yaşım vardı. Bir Ağdam sakini olaraq, öz yurdumda fəaliyyət göstərməkdən qürur duyuram. Bu gün Qarabağın bərpasında, yenidən qurulmasında iştirakım mənim üçün çox böyük şərəfdir".

Aynurə Cəfərova kompleksə olan turist marağından danışaraq bildirir ki, tarixi türbələr qonaqların daha çox diqqətini çəkir.

Şöbə müdiri həmçinin qeyd edir ki, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşib. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Natəvanın qəbirüstü abidəsi də bədnam qonşularımız tərəfindən dağıdılıb.

Səfərin ikinci günü: vandalizmin caynaqlarından qurtulan Füzuli

Səfərimizin ikinci günündə isə Füzuli rayonunda oluruq. O Füzuli ki, 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə yüzlərlə şəhid verib. Keçən 30 ildə rayonun, az qala hər qarışı erməni vandalizminin qurbanı olub, rayon kənd-kənd, ev-ev dağıntıya məruz qalıb.

Amma indi şəhərə yaxınlaşdıqca artıq vandalizmin caynaqlarından qurtulmaqda olan mənzərə ilə qarşılaşırıq. Dağıdılmış yurd-yuvaların fonunda yeni-yeni inşa edilən, yenidən qurulan bir şəhər görürük: Füzulinin yeni siması, füzulililərin əzəli və əbədi yurd yeri.

Əvvəlki səfərlərimizdə boş görünən küçələr boyunca artıq ən müasir infrastruktur qurulur, texnika səsi eşidilir. Və biz məhz bu Füzulinin yenidən doğuluşunun yüzüncü, mininci, on mininci şahidlərindən biriyik.

Səfərimiz zamanı birinci dayanacağımız Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbi olur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir.

Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.

Məktəbin direktoru Həcər Mahmudova ilə söhbətimiz zamanı məlum olur ki, məktəbə ətraf kənd və qəsəbələrdən də şagirdlər xüsusi avtobuslar vasitəsilə gətirilib aparılır.

"Məktəb yenicə fəaliyyətə başlayanda burada 100-dən bir az artıq şagird və 14 pedaqoji heyət var idi. Amma bu gün məktəbdə 644 şagird təhsil alırsa, 49 nəfərlik pedaqoji-inzibati heyət fəaliyyət göstərir".

Bəli, təkcə bu rəqəmlər özü Qarabağın necə sürətlə dirçəldiyini, qayıdışın necə geniş miqyasda aparıldığını göstərir. Tarix bizləri 2020-ci ilə qədər şəhid, qaçqın, köçkün sayları ilə sınağa çəkirdisə, bu gün artıq həmin günlərin zilləti tarixə qovuşur: bu gün bizim üçün statistika az qala, hər həftə Qarabağa köçən, öz doğma yurd-yuvalarına qayıdan ailələrin, Qarabağda inşa edilən məktəblərdə təhsil alan şagirdlərin sayıdır…

Zamanın sınağı: "Mənim üçün zaman Füzulidən çıxanda dayanıbmış"

Həcər Məmmədova ata-baba yurdlarından didərgin salındıqlarını günü xatırlayaraq, keçən zaman ərzində bir gün də olsun inamının, ümidinin sınmadığını deyir.

"O zaman mənim 27 yaşım vardı… Həmişə düşünürdüm ki, nə zamansa yaşlılar kimi düşünə biləcəyəmmi? Bu sualın cavabını indi yavaş-yavaş başa düşürəm. Başa düşürəm ki, mənim üçün zaman 27 yaşımda dayanıbmış, indi qayıtmışam və zamanın keçdiyini dərk edirəm".

Həcər müəllimə bu illər ərzində Füzuliyə, öz doğma yurd-yuvalarına xüsusi tətbiq vasitəsilə – kosmos görüntüləri ilə baxdıqlarını deyir.

"Bunları sözlə ifadə eləmək çətindir. İndi artıq qayıtmışıq, gedib evimizin qalıqlarına baxıram. Başqaları üçün ora eləcə üst-üstə yığılmış daş-qalaq parçasıdırsa, mənim üçün keçmişimdir, yurd-yuvamdır".

Həcər müəllimənin dedikləri, əslində 30 illik işğal dövründə hamımızın keçdiyi böyük bir mərhələdir. Bu illər ərzində Qarabağın köhnə, arxiv materiallarından və Birinci Qarabağ müharibəsinin ən qaynar döyüş nöqtələrinin görüntülərindən başqa əlimizdə heç nə yox idi. Bu gün isə başqadır, tamam başqa…

Məktəbin ibtidai sinif müəllimi Samirə Həsənova isə iki ildir ki, Füzulidə yaşayır.

"Füzulidə yaşamaqdan, burada işləməkdən qürur duyuram. Azad olunmuş ərazilərdə gələcək nəslin yetişdirilməsində pay sahibi olmaq mənim üçün böyük fəxrdir. Çalışıram ki, şagirdlərimin əsl vətəndaş kimi yetişməsində əlimdən gələn heç nəyi əsirgəməyim".

Söhbətimizi yekunlaşdırıb addım-addım sinif otaqlarına da baş çəkirik. Kim bilir, hazırda müxtəlif fənlərin tədrisinin aparıldığı bu məktəb binasının bax elə bu sinfininin yerində beş il öncə hansı miqyasda döyüşlər gedib. Bəlkə, elə məhz burada kimsə şəhid düşüb, kimsə şəhid yoldaşını döyüş meydanından çıxarıb, kimsə də yaxınlıqdakı ən hündür nöqtələrdən birinə zəfər bayrağımızı sancıb. O bayraq ki indi işğaldan azad olunmuş ərazilərimizin bütün hündür nöqtələrində dalğalanır.

Məktəbin yaxınlığında inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə qardaş qazax xalqının Azərbaycana hədiyyəsidir.

Təməli 2023-cü ilin martında qoyulan mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Burada uşaqların yaradıcı qabiliyyətini üzə çıxaracaq bir neçə istiqamət üzrə fəaliyyət mövcuddur.

Mərkəzdəki uşaqların məşğuliyyətini fotoqrafımızın öhdəsinə buraxıb Ağammədovlar ailəsinin evinə yola düşürük.

Həsrətin tərifi: "İnanırdıq ki, qayıdacağıq"

Ailə artıq həmin keşməkeşli günləri arxada qoyduqlarını, yenilənən və dirçələn Füzulidə özlərini xoşbəxt hiss etdiklərini deyir.

Ailə başçısı Nadir Ağammədov vəfat edən ata-anasını xatırlayaraq, həmişə qayıdacaqlarına inandıqlarını deyir.

"Biz də inanırdıq… inanırdıq ki, qayıdacağıq, yəni o inam hiss heç vaxt itməyib".

20 yaşında kəndlərindən didərgin düşdüklərini bildirən Nadir Ağammədov keçən zaman ərzində ailə kimi bir çox çətinlikləri geridə qoyduqlarını ifadə edir.

"Bizim üçün bu illər doğma torpaq həsrəti ilə keçib. İndi 52 yaşımda ata-baba yurdumuza qayıtdığım üçün özümü çox xoşbəxt hiss edirəm".

Elnurə Ağəmmədova isə Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimidir. 27 illik peşə fəaliyyətinin iki ilini doğma yurdunda həyata keçirdiyini deyən Elnurə müəllimə Füzulidən çıxanda səkkizinci sinif şagirdi idisə, indi burada pedaqoq kimi çalışır. Bu fəaliyyət isə özündə çox böyük bir məsuliyyəti ehtiva edir ki, bunu da çox yaxşı dərk edir.

Elnurə müəllimə uzun illərdən sonra sinif yoldaşını yenidən Füzulidə tapdığını və onunla birlikdə çalışdığını da bildirir.

"Köçkünlük vaxtı heç bir əlaqəmiz olmamışdı. Qismət elə gətirib ki, 30 ildən sonra eyni məktəbdə qarşılaşdıq".

Beləcə, Qarabağa qayıdış özü ilə bərabər keçmişin ən dərin qatlarında ilişib qalan xatirələri üzə çıxardığı kimi, tarixin tozu-torpağı arasında itib batan münasibətləri də yenidən bir araya gətirir. Bu qayıdış həm də Qarabağ yarasının sağaldığını, zamanın necə böyük bir bərpaedici gücə malik olduğunu göstərir.

İndi Azərbaycanın dörd bir yanında olduğu kimi, Qarabağda da həyat qaldığı yerdən davam edir və Qarabağın işğal keçmişi gələcək üçün ən böyük məsuliyyətlərdən birinə çevrilir. Kəsəsi, Qarabağ bu gün, sadəcə, otuz illik işğaldan qurtulan torpaq yox, həm də itməyən, tükənməyən və böyüyən ümidin, bərpa olunan yaddaşın və davam edən həyatın rəmzidir...

Yazının davamı olacaq…

Xəbər lenti