Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi və bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutunun təşkilatçılığı ilə Pakistan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 36-cı ildönümününə həsr edilən "Azərbaycan-Pakistan Qardaşlığı: "Hüzn Günü" və Qara Yanvar Şəhidlərinin Anım Günü" mövzusunda dəyirmi masa təşkil olunub.
"Report" xəbər verir ki, diplomatların, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətlərinin, alimlərin, ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri tədbirin əvvəlində 20 Yanvar şəhidlərinə ehtiramın əlaməti olaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Qurani-Kərim"dən dualar oxunub, Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib.
Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir zamanı çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, 35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
O qeyd edib ki, dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul olundu.
İki qardaş ölkə arasındakı mövcud qardaşlıq əlaqələrindən bəhs edən səfir həmçinin qeyd edib ki, Ermənistanın torpaqlarımızın işğalı və Vətən Müharibəsi zamanı, eləcədə sonrakı dövrlərdə Azərbaycanın beynəlxalq beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə Pakistan tərəfindən nümayiş etdirdirilən prinsipial mövqe və ölkəmizə göstərilən birmənalı siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərimizin əsl təzahürü idi.
Tədbir zamanı çıxış edən digər məruzəçilər 20 Yanvar hadisələrinin Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb etdiyini, qadın və uşaqlar da daxil olmaqla günahsız insanları qətlə yetirmək üçün Sovet hakimiyyətinin bu qanunsuz qərarı ilə həyata keçirilən qətliamın Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə müstəqillik yolunda şanlı tarixin yazılmasına səbəb olduğunu bildiriblər. Onlar qardaş Azərbaycan xalqına qarşı törədilən bu amansız cinayətin heç bir zaman unudulmayacağını diqqətə çatdıraraq, bu tarixi hadisənin ildönümü münasibətilə Azərbaycan və Pakistanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərə Allahdan rəhmət diləyiblər.




