IMG-LOGO

Şabranda bu il tullantı su təmizləyici qurğular əsaslı təmir olunacaq

19 Jan 2026 18:27 3 baxış
IMG

Bu il Şabran şəhəri ərazisində Şabrançayda baş verən sel və daşqınlar nəticəsində zərər görmüş su və kanalizasiya şəbəkələrinin bərpası, həmçinin şəhərin tullantı su təmizləyici qurğular kompleksində əsaslı təmir işlərinin aparılması planlaşdırılır.

Bu barədə "Report" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

Bildirilib ki, 2026-2027-ci illərdə Şabran rayonunun Qəndov kəndində mövcud su təchizatı sisteminin yenidən qurulması üçün layihə sənədləri hazırlanacaq və tikinti işləri həyata keçiriləcək.

Artıq Şabran rayonunun Sincanboyad kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Şabran şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Bununla bağlı kənddə keçirilən açılış mərasimində bildirilib ki, layihə çərçivəsində uzunluğu 6 km olan su şəbəkəsi çəkilib və 222 abonent üçün ev birləşməsi təmin olunub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təchiz edilib.

Bildirilib ki, Sincanboyad kəndinin əhalisi 830 nəfərdir və gündəlik 165 kubmetr su tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə tam təmin ediləcək.

Qeyd olunub ki, Şabran şəhərinin su təchizatı Şollar-2 magistral su kəmərləri vasitəsilə təmin edilir. Şəhərdə ümumilikdə 6 872 abonent mövcuddur. Su təsərrüfatı infrastrukturu çərçivəsində uzunluğu 5,2 km olan magistral su kəməri, 150 km daxili paylayıcı şəbəkə, 134 km kanalizasiya xətləri, 3 meydançada yerləşən su anbarları kompleksi, 3 nasos stansiyası və sutkalıq 10 min kubmetr gücündə tullantı su təmizləyici qurğular kompleksi istismar olunur.

Ümumilikdə rayon üzrə 23 yaşayış məntəqəsində 2 374 abonent su təchizatı xidməti ilə təmin edilir.

Xəbər lenti