Şaquli Qaz Dəhlizinin ötürücü sistem operatorları (Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan) Afinada keçirilən Mərkəzi və Cənub-Şərqi Avropada Enerji Bağlantısı üzrə Yüksək Səviyyəli Qrupun (CESEC) nazirlər toplantısında Moldova və Ukraynanın təşəbbüsə qoşulması ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
Bu barədə “Report”a Yunanıstan-Bolqarıstan İnterkonnektorun (IGB) operatoru olan ICGB şirkətindən məlumat verilib.
Bildirilib ki, IGB gücünün illik 5 milyard kubmetrə çatdırılması planları Moldova, Ukrayna, Macarıstan və Slovakiyaya 10 milyard kubmetr LNG-nin Yunanıstan terminallarından və Xəzər qazının Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılmasına şərait yaradacaq.
Memorandumun məqsədi IGB boru kəmərinin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsinə birgə töhfə verməkdir.
Bildirilib ki, ICGB-nin təşəbbüsü ilə Şaquli Qaz Dəhlizinin inkişafına Moldova ("Vestmoldtransgaz") və Ukrayna (GTSOU) operatorlarının cəlb edilməsi mövcud təbii qaz infrastrukturundan daha səmərəli istifadə etmək üçün əlverişli şərait yaradır. IGB və Trans-Balkan Qaz kəməri Moldova və Ukrayna, eləcə də Macarıstan və Slovakiya bazarlarına çıxmağa imkan verəcək.
Bu strateji addım nəticəsində Şaquli Qaz Dəhlizi Avropa istifadəçiləri üçün daha rəqabətli dəhlizə çevrilir və Avropanın enerji təhlükəsizliyini gücləndirir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-dən fəaliyyətə başlayan IGB layihəsi 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi (50 %) və Yunanıstanın “IGI Poseidon” (50 %) şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır.
Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.
2023-cü ildə Bolqarıstana 1,39 milyard kubmetr, Yunanıstana 0,67 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub.
Bizim Telegram kanalımıza abunə olun