IMG-LOGO

ABŞ-da minlərlə 120 min dollarlıq iş yeri boş qalır: Maraqlı SƏBƏB

15 Jan 2026 12:49 3 baxış
IMG
24 0

ABŞ-da altı rəqəmli maaş təklif olunan minlərlə iş yeri hələ də vakant olaraq qalır. Ekspertlərin fikrincə, bunun əsas səbəblərindən biri amerikalıların fiziki və “çirkli” işlərdən uzaq durmağa üstünlük verməsidir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qeyd olunur ki, vaxtilə İkinci Dünya Müharibəsi dövründə avtomobil istehsalını cəbhə üçün səfərbər edən nəhəng şirkətlər bu gün ixtisaslı işçi tapmaqda çətinlik çəkir.

"Ford"da 5000 mexanik vakansiyası var

"Ford"un baş direktoru Cim Farli bildirib ki, şirkətdə hazırda təxminən 5000 mexanik vakansiyası mövcuddur. Bu vəzifələr üzrə illik maaş 120 min dollara qədər yüksələ bilər. Bu isə ABŞ üzrə orta əməkhaqqından təxminən iki dəfə çoxdur.

Lakin həmin vakansiyaları doldurmaq asan deyil. Farli vurğulayıb ki, ABŞ-da ənənəvi işçi peşələrində ciddi çatışmazlıq yaranıb. “Ölkəmizdə problem var. Biz bu barədə kifayət qədər danışmırıq”, – o qeyd edib.

Hansi sahələrdə işçi çatışmazlığı var?

Şirkət rəhbərinin sözlərinə görə, hazırda ABŞ-da aşağıdakı kritik sahələrdə 1 milyondan çox boş iş yeri mövcuddur:

Təcili yardım və fövqəladə xidmətlər, yükdaşıma və logistika, zavod və istehsalat işçiləri, santexniklər, elektriklər, müxtəlif ustalıq və texniki peşələr.

Farli əlavə edib ki, ölkə üzrə bir çox avtoservis və diler mərkəzlərində “qaldırıcı və alətlər olan emalatxana var, amma işləyəcək adam yoxdur”.

Yüksək maaşa çatmaq üçün illər lazımdır

Məqalədə bildirilir ki, problemin bir hissəsi də bu sahədə ən yüksək maaş səviyyəsinə çatmağın uzun zaman tələb etməsi ilə bağlıdır.

Belə ki, bir çox mexanik sabit saat maaşı ilə deyil, “sürətə əsaslanan” sistemlə çalışır. Yəni qazanc işlənən saatdan yox, işi nə qədər tez və effektiv gördüyündən asılı olur. Buna görə də 100 min dollardan yuxarı qazanc adətən yalnız uzun illər təcrübədən sonra mümkün olur.

Bundan əlavə, bəzi peşələr üzrə tam formalaşmaq üçün 5 ildən çox təhsil və hazırlıq tələb oluna bilər. Lakin bu mərhələdən keçənlər üçün gələcəkdə yüksək gəlir əldə etmək mümkündür.

Real nümunə: 160 min dollar qazanan mexanik

Məqalədə nümunə kimi Ohayo ştatından olan 39 yaşlı Ted Hammel göstərilir. O, transmissiya üzrə ixtisaslaşmış baş texnik kimi çalışır və illik gəliri təxminən 160 min dollar təşkil edir. Transmissiya isə müasir avtomobillərin ən çətin və fiziki baxımdan ağır hissələrindən biri hesab olunur.

Bununla belə, Hammel bu sahədə 10 ildən artıq işlədikdən sonra 100 min dollar qazanc həddini keçə bilib. O bildirib ki, 2012-ci ildə mexanik kimi işə başlayıb və yalnız 2022-ci ildə illik qazancı 100 min dollardan yuxarı olub.

Hazırda bu sahədə ixtisaslı işçilər üçün başlanğıc maaşın təxminən 42 min dollar olduğu qeyd edilir.

Məlumata görə, bu vəzifələr üçün adətən 8 il təcrübə və ya staj tələb olunur, lakin ali təhsil mütləq şərt sayılmır.

Qeyd edək ki, əmək bazarı ilə bağlı son xəbərlərdə mütəxəssislər işdən çıxarılan və ya işini dəyişmək istəyən şəxslərə də müxtəlif tövsiyələr veriblər.

Bundan başqa, “süni intellektin xaç atası” kimi tanınan informatik Ceffri Hinton 2026-cı ildə süni intellektin bəzi “ağ yaxalı” peşələri əvəz edə biləcəyini proqnozlaşdırıb.

iş yeri ABŞ

Xəbər lenti