Hindistanın meşə təsərrüfatı nümayəndələri şərqi Carxand ştatında bir neçə gün ərzində 20-dən çox insanı öldürən filin axtarışı və zərərsizləşdirilməsi üçün axtarış aparırlar.
Lent.az xarici mediaya istinadla bildirir ki, yanvarın əvvəlindən Hindistanın Carxand ştatının Qərbi Sinqhbhum dairəsində meşələr və kəndlər arasında dolaşan bir dişli fil tərəfindən 22 nəfər öldürülüb.
Məlumata görə, fil əsasən gecə saatlarında kiçik kəndlərə girib. İlk qurban yanvarın 1-də Bandicari kəndində 35 yaşlı kişi olub. O vaxtdan filin tapdalayaraq öldürdüyü və ya ölümcül xəsarət yetirdiyi şəxslər arasında iki azyaşlı uşağı olan ər-arvad və meşə departamentinin əməkdaşı da var.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və filin son dəfə görüldüyü Çaybasa rayonunun sakinlərinə meşəlik ərazilərdən uzaq durmaq və gecə küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
Çaybasa dairəsinin meşə idarəsinin əməkdaşı Aditya Narayan bildirib ki, onların fikrincə, gənc erkək fil sürüdən ayrılıb və həddindən artıq aqressiv olub. Narayan qeyd edib ki, fili yatızdırmaq üçün üç dəfə cəhd edilib, lakin hələlik nəticə verməyib.
Fil gündə təxminən 30 km məsafə qət edirmiş. Onu izləmək üçün 100-dən çox meşə departamenti əməkdaşı axtarış əməliyyatına cəlb olunub, lakin hələlik uğur əldə olunmayıb. Filin tapılması üçün daha üç ştatdan vəhşi təbiət üzrə mütəxəssislər də cəlb edilib. Rəsmilər bildiriblər ki, heyvanın qeyri-sabit hərəkət etməsi və meşələrdə marşrutunu tez-tez dəyişməsi onun izlənilməsini çətinləşdirir.
Bu hadisə Hindistanda insanlar və fillər arasında ölümcül münaqişənin kəskinləşməsi fonunda şərh edilir. Buna səbəb kimi meşələrin getdikcə daha çox qırılması, qida və su çatışmazlığı, həmçinin əvvəllər fillərin keçid yolları olan ərazilərdə yaşayış məhəllələrinin artması göstərilir.
Bildirilir ki, əvvəllər fillərin miqrasiyası üçün təhlükəsiz marşrut sayılan koridorların təxminən 10%-i artıq mövcud deyil. Fillər də elektrik vurması, qatarların vurması və zəhərlənmə kimi hadisələr nəticəsində kütləvi şəkildə tələf olur.
Son beş il ərzində Hindistanda fillərlə ölümcül qarşılaşmalar nəticəsində 2800-dən çox insan həyatını itirib.
Andhra-Pradeş kimi ştatlarda isə bəzi kəndlərdə fillərin yaxınlaşmasını vaxtında müəyyənləşdirmək və sakinləri qorumaq üçün süni intellektə əsaslanan erkən xəbərdarlıq sistemləri tətbiq olunub.
Hadisələr