Dünya mediası və beynəlxalq ictimaiyyətin diqqəti İrandakı etiraz aksiyalarına yönəlib. "BBC farsca" isə İrandakı etiraz aksiyalarından Azərbaycana növbəti hücum üçün istifadə edir. O, Azərbaycana qarşı ənənəvi "bulanıq suda balıq tutmaq" şakərindən əl çəkmir.
Farsca redaksiya yanvarın 13-də "İran etirazları regional mediada: Moskvanın susqunluğundan Ankaranın ittihamlarınadək" başlıqlı yazı yayımlayıb. Məqalədə bildirilib: "İranda etirazların artmasına baxmayaraq, Azərbaycanın dövlət mediası bu hadisələrlə bağlı susqunluq nümayiş etdirib. Dövlət informasiya agentliyi "AzərTag" və rəsmi "Azərbaycan" qəzeti yalnız məhdud sayda, əsasən xəbər materialları dərc edib, "Xalq" qəzeti isə bu mövzuya heç toxunmayıb".
Bu redaksiya Azərbaycana münasibətdə bir qayda olaraq, panfarsçı, fars şovinist düşüncəsindən çıxış edir. Onun Azərbaycan haqqında məlumatları, bir qayda olaraq, qərəz, birtərəflilik, reallığın inkarı üzərində qurulur. Belə görünür, bu hadisələrdə onun başqa məqsədi var. O, sanki dünyaca tanınmış, jurnalistikanın qaydalarına əməl etməkdə bir zamanlar örnək olmuş informasiya mənbəyinin bir bölməsini deyil, "sarı mətbuat"ı təmsil edir. Redaksiya heyətinin bu məsələdə, deyəsən, çətinlikləri var.
Məgər, hər ölkədə etiraz aksiyası keçiriləndə ona başqa dövlətlərin rəsmiləri mütləq münasibət bildirməlidir? Əlbəttə, yox! İrandakı aksiyaların şüarları sosial, iqtisadi sahələri əhatə edir. Yəni sırf irandaxili məsələdir. Ona rəsmi Bakının və ya rəsmi medianın münasibət bildirməsi indiki şərait üçün uyğun sayılmaya bilər. Bu aksiyalarda siyasi şüarlar, demək olar ki, yoxdur. Yaxud qonşu dövlətlərlə bağlı hər hansı münasibət göstərilməyib. Nümayiş və yürüşlər birmənalı olaraq İranının daxili məsələlərini əhatə edir.
Aksiyalarda Məhəmmədrza şah Pəhləvinin oğlu Rza və ətrafına cəmlənənlər onu təbliğ etdirməyə səy göstəriblər. Bu da uğursuz olub. Çünki monarxistlərin davranışı, aksiyaların uğurunu müsadirə etmək istiqamətində fəaliyyəti etirazların şüarına uyğun uğur qazanmasını, etirazların İran cəmiyyətini əhatə etməsini əngəlləyib. Görünür, "BBC farsca" Rza Pəhləvini təbliğ etməyənlərə qarşı hikkə nümayiş etdirir.
Məqalədə adları çəkilən informasiya vasitələrində isə məlum etiraz aksiyaları barədə davamlı münasibət və xəbərlər yayılır. "BBC farsca"nın Azərbaycana kin və qərəzi o qədər böyükdür ki, həmin materialları görə bilmir, ya da görməzlikdən gəlir.
Panfarsçılar belə aksiyalarda Azərbaycanı "araqarışdıran" qüvvələrdən biri kimi təqdim etməyə çalışırlar. Onların bu mövqeyi İran İnqilab Keşikçiləri Qvardiyasından (Sepah) heç nəyi ilə fərqlənmir. Çünki Sepaha bağlı informasiya vasitələri Azərbaycan Respublikasına qarşı təbliğat aparırlar. Onlar Livanda, Fələstində və başqa ərazilərdə olduğu kimi, Azərbaycanda Sepahın "Qüds" qolunun dəstəsini, yaxud İranın "5-ci kolon"unu yaratmağa çalışırlar. Bu baxımdan, "BBC farsca" sanki Sepahın "Qüds" qolunun "Zeynəbiyun", "Fatimiyun" kimi, Londondakı "bbciyun" qoludur.
Ona görə də belə qənaətə gəlmək olar ki, "BBC farsca" bu dəfə də etiraz aksiyaları ilə bağlı xəbərlərin yayılmasında mənsub olduğu siyasi-ideoloji xəttin, panfarsçı düşüncə sistemindəki rəhbərlərinin tapşırıqlarını yerinə yetirib.
"Bbciyun" Azərbaycana qarayaxma ilə kifayətlənməyərək Güney Azərbaycan türklərinə qarşı da hikkəsini gizlətməyib. Bildirib ki, onlar Rza Pəhləvini "lider kimi dəstəkləmirlər, əvəzinə, özü də azərbaycanəsilli olan İran Prezidenti Məsud Pezeşkianı dəstəkləyirlər".
Bu yerdə redaksiya əsl üzünü göstərib. Onun iddiasından belə çıxır ki, güney azərbaycanlılar Azərbaycan üçün heç bir iş görməmiş, əksinə onların assimilyasiya olunması, türk olaraq milli varlıqlarının danılması üçün panfarsizmi siyasi hakimiyyətə gətirmiş Rza, Məhəmmədrza pəhləvilərin varisi - nəvə və oğul Rzanı dəstəkləməli imişlər. Bu, "BBC farsca"nın xoşuna gəlməyib. Ona görə də güneyli-quzeyli azərbaycanlılara qarşı belə ucuz və məntiqsiz təbliğat aparıb.
Redaksiya obyektiv görünmək üçün Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd edib. Halbuki Azərbaycanla İran məsələsi fərqli siyasi müstəvilərin mövzusudur. Bu baxımdan, belə qənaətə gəlmək olar ki, onlar tapşırığın öhdəsindən gəlməmiş sayılırlar.
Bu "BBC farsca"nın Azərbaycana qarşı ilk təbliğatı deyil. O, Azərbaycan torpaqları işğal altında olanda İran hakimiyyəti, yaxud Tehrandakı təcavüzü dəstəkləyən qüvvələrin mövqeyindən çıxış edərək Ermənistanı müdafiə edirdi. 2020-ci ildə Ermənistanda keçirilmiş seçkilərdə Nikol Paşinyanın qələbəsinə həsr edilən materialda "BBC farsca" Qarabağı Ermənistanın ərazisi kimi göstərmişdi. Həmin yazıda 44 günlük müharibənin mahiyyəti tamamilə təhrif edilmişdi. "Bbciyun" yazmışdı: "İki ölkə arasında altı həftə davam edən savaş minlərlə insanın ölümü, eləcə də Ermənistanın öz ərazisinin bir qismini itirməsi ilə nəticələndi".
"BBC farsca" Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli Ruben Vardanyan, habelə qondarma qurumun başçılarının müdafiəçisi rolunda çıxış edir. Onların cinayətkar əməllərini gizlətmək üçün birtərəfli məlumat yayıb. Redaksiya Vardanyanı "Qarabağ ermənilərinin lideri" kimi təqdim edir. Onun isə Qarabağa hər hansı bir aidiyyəti olmadığı məlumdur. O, Rusiya vətəndaşıdır, Ermənistanda anadan olub və s.
BBC-nin fars bölməsi güney azərbaycanlılara da eyni mövqedən münasibət göstərir. Bir neçə il əvvəl İranın Loristan bölgəsində lorlar "Yaşasın Türk, Lor, Bəluc birliyi" şüarını səsləndirərək aksiya keçirmişdilər. "BBC farsca" bu şüarı "Yaşasın Kürd, Lor, Bəluc birliyi" olaraq dəyişərək "Türk" sözünü şüardan silmişdi.
"BBC farsca" sözügedən məqalədə Azərbaycanla yanaşı, Türkiyə və Rusiyaya qarşı da təbliğat apararaq qərəzli mövqeyini bir daha nümayiş etdirib. Həmçinin, ABŞ-yə yarınmağa səy göstərən müəllif yazır: "Bölgənin müxtəlif ölkələrinin kütləvi informasiya vasitələri və siyasi şərhçiləri İrandakı hadisələrin fərqli versiyalarını və təhlillərini təqdim edirlər".
Məqalədə Rusiya, Türkiyə və ərəb ölkələrinə aid KİV-də hadisələrin işıqlandırlmasında əsas diqqət ABŞ Prezidenti Donald Trampın Tehran hakimiyyətini söz təhdidlərinə və xarici müdaxilənin mümkün ssenarilərə yönəldildiyi vurğulanır.
Eyni zamanda, Moskvanın etiraz aksiyalarına susqun və ehtiyatlı mövqeyindən bəhs edilib. Material dərc edilməzdən əvvəl Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə iranlı həmkarı Əli Laricani arasında telefon danışığı olub. Rusiya rəsmisi xarici qüvvələrin İslam Respublikasının daxili işlərinə növbəti müdaxilə cəhdini qətiyyətlə pisləyib.
Söhbət zamanı Sergey Şoyqu "Moskvanın Tehran ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu" vurğulayıb. Tərəflər əlaqələri davam etdirməyə və "təhlükəsizliyi təmin etmək üçün" mövqelərini əlaqələndirməyə razılaşıblar. Moskva Tehranı hərtərəfli dəstəklədiyini bildirib.
Odur ki, "BBC farsca"nın etirazların yatırılması məsələsində Rusiyanın da mövqeyini "şərləməsi" baş tutmayıb.
Yeri gəlmişkən, "Bloomberg"in məlumatına əsasən, İran Rusiyaya təxminən 3 mlrd. dollar məbləğində raket satıb. Tədarüklərə ballistik raketlər, hava hücumundan müdafiə sistemləri və "Shahed" dronlarının daxil olduğu bildirilib.
Məlumata görə, Rusiyanın İrandan aldığı silahların ümumi dəyəri 4 mlrd. dolları keçib. Satınalmalara yüzlərlə "Fath-360" qısamənzilli ballistik raket, təxminən 500 digər qısamənzilli ballistik raket, hava hücumundan müdafiə sistemləri ilə əlaqəli təxminən 200 "yer-hava" tipli raket, milyonlarla döyüş sursatı və artilleriya mərmisi tədarükü, həmçinin "Shahed-136" kamikadze dronlar daxildir.
Bu informasiya göstərir ki, Rusiya ilə İran hakimiyyətləri arasında siyasi-hərbi əməkdaşlıq ticarət əsasında ənənəvi şəkildə davam edir.
Rusiya informasiya vasitələri də hadisələrin işıqlandırılmasında fəallıq göstərib. Təhlil və xəbərlərin siyasi-ideoloji yükü daha çox Tehran hakimiyyətini müdafiə, anti-ABŞ xarakterli olub. Bu da Rusiya KİV-in susqunluq göstərmədiyni isbatlayır.
Farsdilli redaksiya Türkiyənin xarici işlər naziri Hakan Fidanın obyektiv münasibətini isə birtərəfli işıqlandırmaqla antitürk olduğunu gizlətməyib. Yazının Türkiyəyə aid olan bölməsi "Türkiyənin dövlət mediası İsrail və ABŞ-ni ittiham edir" kimi təqdim edilməklə guya Ankara-Tehran münasibətlərinin yaxşı səviyyədə olduğu göstərilir, digər tərəfdən Türkiyə-İsrail gərginliyini körükləyir, Türkiyə-ABŞ əməkdaşlığının üzərinə kölgə salmağa səy göstərir.
Türkiyə demokratik ölkədir. Orada söz azadlığı var. Bu baxımdan, yerli KİV-də İrandakı etiraz aksiyaları ilə bağlı təhlil və xəbərlərdə müxtəlif mövqelərin olması da təbiidir.
"BBC farsca" Rza Pəhləvinin İrana mümkün qayıdışından bəhs etməklə əsl niyyətini gizlətməyib. Bu yazı da, əslində, bu təbliğatı aparmağa hesablanıb. Redaksiya İstanbulda Rza Pəhləviyə dəstək mitinqinin görüntülərinin paylaşıldığını da vurğulayıb.
Ötən ilin ən qalmaqallı hadisələrindən biri ABŞ Prezidenti Donald Trampın BBC-ni məhkəməyə verməsi idi. 2021-ci il yanvarın 6-da "Panoqram" proqramında BBC onun nitqini təhrif etmişdi. Bu informasiya kanalı Donald Trampın nitqinin müxtəlif hissələrini birləşdirərək, Trampın "zorakılığa çağırış etdiyi" təəssüratı yaratmışdı. Məhkəməni BBC uduzmuş və ABŞ prezidentindən etdiyi təhrifə görə üzr istəmişdi. BBC həmin buraxılışın yenidən yayımlanmayacağını açıqlayıb.
İddia ərizəsinə görə, Tramp korporasiyadan azı 5 milyard dollar təzminat tələb edir.
BBC məsələ ilə bağlı əlavə araşdırma aparıldığını bildirib.
Bu şirkət Gürcüstanla bağlı da təhrif və qərəzli məlumat yayıb. Rəsmi Tbilisinin ona qarşı iddiasının hazır olduğunu bildirib. Yaxın günlərdə ərizə telekanalın daxili tənzimləmə orqanına təqdim olunacaq.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, BBC ölkəsi ilə bağlı süjetin uydurma və manipulyativ olduğunu etiraf etməlidir: "Bu baş verməsə, biz digər instansiyalara müraciət edəcəyik. Hazırkı mərhələdə biz şikayətin məzmunu barədə öncədən danışmayacağıq".
Spiker qeyd edib ki, şikayətin təqdim olunacağı növbəti instansiya Böyük Britaniyanın Tənzimləmə Komissiyası, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ola bilər.
Xatırladaq ki, BBC-nin ötən ilin dekabrında yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilmiş etiraz aksiyalarının dağıdılmasında Birinci dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və qeyd olunan dövrdə baş vermiş iğtişaşlar zamanı qadağan edilmiş hər hansı bir maddənin tətbiq olunmadığını sübuta yetirib.
Beləliklə, İrandakı etiraz aksiyasında fars redaksiyasının əsas hədəfi monarxistlər, Azərbaycan və Türkiyə olub. Necə deyərlər, çayı keçəndə hər kəsin bədənin rəngi görünür. Bu da "BBC farsca"nın rəngidir...











