Qaz balonunun partlaması nəticəsində gəlin, bəy və bir neçə digər qonaq həlak olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Pakistanın İslamabad şəhərində toy şənliyi faciə ilə başa çatıb: qaz balonunun partlaması nəticəsində gəlin və bəy də daxil olmaqla ən azı səkkiz nəfər həlak olub.
Hadisə gecə vaxtı, yeni evlənənlər, qohumlar və qonaqlar toy məclisindən sonra evdə yatarkən baş verib. Güclü partlayış binanın bir hissəsinin çökməsinə səbəb olub. Daha yeddi nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Bəyin atası Hanif Məsih oğlunun faciədən bir gün əvvəl evləndiyini söyləyib. Partlayış zamanı evdə ailə üzvləri və şənlikdən sonra gecələyən qonaqlar da olub.
Polis partlayışın İslamabadın mərkəzindəki yaşayış məntəqəsində baş verdiyini təsdiqləyib. Hökumət administratoru Sahibzada Yusifin sözlərinə görə, hadisə bazar günü səhər tezdən baş verib və partlayışın səbəbi ilə bağlı araşdırma davam edir.
Partlayış nəticəsində yaxınlıqdakı bir neçə evə də ziyan dəyib. Pakistanın baş naziri Şehbaz Şərif qurbanların ailələrinə başsağlığı verib və səhiyyə orqanlarına yaralılara bütün lazımi yardımı göstərməyi tapşırıb. O, həmçinin hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmasına çağırıb.
Polis qeyd edir ki, Pakistanda bir çox ev təsərrüfatı təbii qazın qeyri-sabit təzyiqi səbəbindən mayeləşdirilmiş neft qazı (LPG) balonlarından istifadə edir. Bu cür balonlar dəfələrlə qaz sızması ilə bağlı ölümcül hadisələrə səbəb olub.
Toy gecəsi ər arvad qaz partlaması faciə