IMG-LOGO

Fransada fermerlər yenidən etiraz aksiyası keçiriblər

13 Jan 2026 10:44 4 baxış
IMG

Fransada fermerlər Avropa İttifaqı (Aİ) ilə MERCOSUR arasındakı ticarət sazişinə etiraz olaraq Paris küçələrində yenidən aksiya keçiriblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bu, həftə ərzində keçirilən ikinci etiraz aksiyasıdır. Agentlik qeyd edir ki, etirazçıların fikrincə, saziş Avropa standartlarına uyğun olmayan daha ucuz Cənubi Amerika məhsullarının bazara daxil omasına şərait yaratmaqla yerli aqrar sektorun mövqeyini zəiflədir.

Artıq bir neçə aydır ki, etiraz aksiyaları təkcə Avropa İttifaqının ən böyük kənd təsərrüfatı məhsullarının istehsalçısı olan Fransada deyil, digər Aİ ölkələrində də davam edir. MERCOSUR ilə sazişlə yanaşı, fermerlər bir sıra daxili problemlərdən də narazıdırlar.

"Reuters"in məlumatına görə, fermerlər Fransa parlamenti binası, yanvarın 20-də isə Strasburqda Avropa Parlamenti qarşısında aksiyalar keçirməyi planlaşdırırlar.

Vəziyyət cümə günü bir çox Aİ ölkəsinin Parisin etirazlarına baxmayaraq, MERCOSUR ilə sazişi dəstəkləməsindən sonra daha da kəskinləşib. Bu, fermerlərin və müxalifətin hökumətə təzyiqini artırıb.

Qeyd edək ki, MERCOSUR 1991-ci ildə yaradılıb və Cənubi Amerika ölkələrinin böyük regional ticarət-iqtisadi birliyidir. Birliyin məqsədi üzv ölkələr arasında malların, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkətinə imkan verən ümumi bazar və azad ticarət zonasının yaradılmasıdır. Təşkilatın üzvləri Argentina, Braziliya, Paraqvay, Uruqvay (tamhüquqlu üzvlər), Boliviya (2023-cü ildən tamhüquqlu üzvdür), Çili, Kolumbiya və digər ölkələrdir.

Xəbər lenti