IMG-LOGO

2026-cı ildə bir ChatGPT-yə deməməli plduğunuz 5 şey

07 Jan 2026 12:44 6 baxış
IMG
0 0

Süni intellekt əsaslı çat-botlar, o cümlədən ChatGPT, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İstifadəçilər bu texnologiyadan suallara cavab almaq, mətnlər hazırlamaq, ideyalar toplamaq və hətta məlumatları analiz etmək üçün geniş şəkildə yararlanırlar. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, çat-botlar şəxsi və məxfi məlumatların saxlanması üçün təhlükəsiz mühit hesab edilmir.

Lent.az xəbər verir ki, mütəxəssislər 2026-cı ildə ChatGPT və digər açıq “ağıllı” çat-botlarla paylaşılmaması tövsiyə olunan beş əsas məlumat növünü açıqlayıblar.

Birinci, şəxsi məlumatlardır. Bir çox istifadəçi CV hazırlamaq və ya sənəd tərtib etmək məqsədilə tam adını, ünvanını, sənəd nömrələrini və əlaqə məlumatlarını bilmədən sistemə daxil edir. Bu cür məlumatlar mümkün sızma və ya üçüncü şəxslərin icazəsiz çıxışı zamanı ciddi fəsadlara səbəb ola bilər. Çat-botun “dost kimi” cavab verməsi təhlükəsizlik zəmanəti demək deyil.

İkinci, maliyyə məlumatlarıdır. ChatGPT-dən büdcə planlaşdırılması və ya maliyyə strategiyası üçün istifadə etmək mümkündür, lakin bank hesabları, kredit kartları, investisiyalar və vergi məlumatlarının daxil edilməsi ciddi risk yaradır. Ekspertlər vurğulayırlar ki, bu məlumatlar təqdim edildikdən sonra onların necə və harada istifadə olunacağını izləmək mümkün deyil.

Üçüncü, tibbi məlumatlardır. Sorğular göstərir ki, hər altı böyüklərdən biri ayda ən azı bir dəfə ChatGPT-yə simptomlar və müalicə ilə bağlı müraciət edir. Gənclər arasında bu göstərici daha da yüksəkdir. Lakin mütəxəssislər xatırladırlar ki, çat-bot həkim deyil və tibbi məsləhəti əvəz etmir. Üstəlik, tibbi məlumatların taleyi də maliyyə məlumatları kimi qeyri-müəyyən qalır.

Dördüncü, iş və peşə fəaliyyəti ilə bağlı materiallardır. Şirkət sənədləri, hesabatlar, strategiyalar, müştəri məlumatları və məxfi layihələr süni intellektə ötürülməməlidir. Çat-botlar redaktə və xülasə üçün rahat alət kimi görünsə də, bu, korporativ təhlükəsizlik baxımından risklidir.

Beşinci, qanunsuz sorğulardır. Cinayət, dələduzluq və ya manipulyasiya ilə bağlı suallar təkcə təhlükəsizlik deyil, hüquqi problemlər də yarada bilər. Platformalar qanunvericiliyə tabedir və hüquq-mühafizə orqanlarının tələbi ilə istifadəçi məlumatlarını təqdim edə bilərlər.

Sam Altman da bu risklərə diqqət çəkərək bildirib ki, ChatGPT ilə yazışmalar real mütəxəssislə aparılan söhbətlər kimi hüquqi qoruma altında deyil. Məhkəmə araşdırması zamanı istifadəçi yazışmaları məhkəmə qərarı ilə təqdim oluna bilər.

Mütəxəssislər tövsiyə edirlər ki, süni intellektlə ünsiyyətdə xüsusilə şəxsi və peşəkar həyata aid məlumatlar paylaşılarkən maksimum ehtiyatlı davranılsın. Texnologiya inkişaf etsə də, məsuliyyətli istifadə hələ də əsas şərt olaraq qalır.

ChatGPT

Xəbər lenti