IMG-LOGO

Azərbaycanın güləş millisinin yeni baş məşqçisi: "Olimpiadanın qızıl medalını qazanmaq istəyirik"

12 Jan 2026 22:37 5 baxış
IMG

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Məhəmməd Bəna yığmaya Olimpiadanın qızıl medalını qazandırmaq istəyir.

"Report" xəbər verir ki, bunu təcrübəli mütəxəssis özü Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Təyinatı ilə bağlı danışan çalışdırıcı Azərbaycan komandasına rəhbərlik etməyin onun üçün böyük məsuliyyət olduğunu bildirib və qarşıya qoyulan hədəflərdən danışıb:

"Azərbaycan milli komandasının baş məşqçisi seçildiyim üçün çox xoşbəxtəm. Azərbaycan çox böyük bir komandadır və uzun illərdir dünya miqyasında medallara sahibdir. Bu iş mənim üçün çox çətindir, lakin seçilmiş məşqçi heyəti ilə birlikdə böyük əzmlə çalışırıq. Heyətimizdə üç iranlı və üç azərbaycanlı məşqçi var. Gələcəkdə komandamıza başqa mütəxəssislərin də qoşulması nəzərdə tutulur".

Baş məşqçi əsas məqsədin Azərbaycan güləşinin mövcud səviyyəsini qoruyub daha da inkişaf etdirmək olduğunu vurğulayıb:

"Ümid edirəm ki, Azərbaycan güləşinin səviyyəsini qoruyub saxlaya və onu daha da inkişaf etdirə biləcəyik. 23 ildir gözlənilən bir medal var. İndi isə ümid edirik ki, bundan da artıq nəticə əldə edərək Olimpiya qızıl medalını qazana biləcəyik. Hazırladığımız proqramlar vasitəsilə inşallah, güləşin keyfiyyəti günbəgün daha da yüksələcək".

Məhəmməd Bəna Azərbaycan Güləş Federasiyası ilə aparılan danışıqlarda əsas hədəfin Olimpiya qızıl medalı olduğunu qeyd edib:

"Azərbaycan Güləş Federasiyasının hörmətli rəhbərliyi ilə apardığımız danışıqlarda əsas məqsədimiz tam aydındır. Biz bütün diqqətimizi Olimpiya qızıl medalına yönəltmişik. Bu yolda iki böyük sınağımız var və istəyirik ki, onları da uğurla başa vuraq. Əsas hədəfimiz Olimpiadaya qədər qalan bu iki il ərzində düzgün və uğurlu bir yol keçməkdir".

Sonda baş məşqçi üzərinə düşən məsuliyyətdən qürur duyduğunu bildirib:

"Yolumuz müxtəlif uğurlarla müşayiət olunacaq, lakin nəticədə Olimpiya qızıl medalına çatmaq istəyirik. Burada olduğum və bu böyük məsuliyyəti daşıdığım üçün çox xoşbəxtəm".

Xəbər lenti