Hazırda üçüncü ölkələrlə Avropanın müdafiə qabiliyyətinin artırılması (SAFE) proqramına tam daxil olmaq üçün danışıqlar aparılmayacaq.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasındakı mənbə bildirib.
Müraciətlərin ilkin qiymətləndirilməsi göstərib ki, Türkiyə bəzi ölkələrin milli planlarına daxil edilib. "Əslində bu yaxşı nəticədir. Xatırlayırsınızsa, Böyük Britaniya ilə danışıqlar maliyyə məsələlərinə görə uğursuz olub. Çünki ölkə bu proqrama öz istəyilə qoşulmağa qərar verəndə maliyyə öhdəlikləri artırdı. Amma ölkə Aİ üzvü olan dövlətlə birlikdə proqramın bir hissəsinə çevrilibsə, belə öhdəliklər yoxdur", - mənbə qeyd edib.
Başqa vacib nüans odur ki, hətta uğurlu danışıqlarla belə, Türkiyə Aİ Şurasında yekdillik tələb edən səsvermədə bloklana bilər. Yunanıstanın mövqeyinə görə bu ssenari gözlənilir.
"Milli hökumətlərin müraciətləri təklif olunan 150 milyard dollarlıq maliyyəni üstələyib. Həm Aİ ölkələrindən, həm də üçüncü tərəflərdən müraciət vaxtı bitib", - "Report"un həmsöhbəti qeyd edib.
Brüsseldə brifinq zamanı Aİ rəsmisi Toma Reyne bildirib ki, Cənubi Koreya və Türkiyə proqrama daxil olmaqda maraqlı olduqlarını açıqlayıblar. Yaponiya da eyni mövqedədir. Növbəti mərhələdə hər üç ölkənin müraciətinə baxılacaq. Kanadanın isə SAFE-ə qoşulması ilə bağlı ikitərəfli saziş imzalanıb.
T.Reyne "Report"a açıqlamasında qeyd edib ki, ittifaqa daxil olmayan dövlətlər birlik ölkələri ilə birlikdə alış dəyərinin 35 %-i miqdarında iştirak edə bilərlər.
O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Aİ-nin kreditlərə maraq göstərən 19 ölkəsinin ümumi təklif portfeli 150 milyard avrodan çox olub.