Somali hökuməti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bütün müqavilələri ləğv edib.
"Report" xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri Somali hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, qərar BƏƏ-nin dövlət qurumları, onlarla əlaqəli təşkilatlar və regional nümayəndəliklərlə bağlanmış bütün sazişləri əhatə edir.
"Qərar həmçinin Berbera, Bosaso və Kismayo limanlarında olan bütün razılaşma və əməkdaşlıqlara da şamil edilir", – mənbə bildirib.
"Nazirlər Şurası, eyni zamanda, Somali federal hökuməti ilə BƏƏ hökuməti arasında mövcud olan bütün qüvvədə olan sazişləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli razılaşmaları ləğv edib", – məlumatda deyilir.
Qeyd olunub ki, bu qərar BƏƏ-nin Somalinin suverenliyini, milli birliyini və siyasi müstəqilliyini sarsıtmağa yönəlmiş fəaliyyətlərinə dair ciddi sübutlara cavab olaraq qəbul edilib.
Daha əvvəl "Middle East Monitor" nəşri bildirmişdi ki, BƏƏ Yəmən Cənubi Keçid Şurasının rəhbəri Aydarus Əz-Zubaydini Somali təhlükəsizlik orqanlarının təsdiqi və ya xəbəri olmadan bu ölkənin ərazisindən keçirib. Buna cavab olaraq Somali BƏƏ-nin hərbi və yük təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edib.
Xatırladaq ki, yanvarın 7-də Yəmən hökuməti Aydarus Əz-Zubaydini dövlətə xəyanətdə ittiham etmişdi.