IMG-LOGO

Read Qasımov: "Paytaxtın memarlıq mühitinin keyfiyyətinin yüksəldilməsi əsas prioritet qalacaq"

12 Jan 2026 18:00 4 baxış
IMG

Paytaxtın davamlı inkişafı, müasir şəhərsalma yanaşmaların tətbiqi və memarlıq mühitinin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərindən biri olaraq qalacaq".

"Report" xəbər verir ki, bu barədə Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib.

Onun sözlərinə görə, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində 2025-ci ilin yekunlarına və 2026-cı il üçün plan və hədəflərə həsr olunmuş geniş müşavirə keçirilib: "Geridə qalan il ərzində görülmüş işləri təhlil edilib, əldə olunan nəticələri və qarşıdakı dövr üçün əsas prioritetləri müəyyənləşdirilib. Qarşıda bizi daha məsuliyyətli və intensiv mərhələ gözləyir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu sahədə aparılan islahatların daha da dərinləşdirilməsini və yeni keyfiyyət mərhələsinə keçidi zəruri edir".

O vurğulayıb ki, şəhərsalma nəzarəti mexanizmlərinin gücləndirilməsi, tikinti proseslərinin qanunvericiliyə tam uyğunluğunun təmin edilməsi və şəhər mühitinə təsir edən risklərin vaxtında qarşısının alınması əsas vəzifələrdəndir: "Eyni zamanda, yaxın illərdə paytaxtda icrası nəzərdə tutulan irimiqyaslı layihələr üzrə koordinasiyanın gücləndirilməsi, qabaqlayıcı planlaşdırma və kompleks yanaşmaların tətbiqi diqqət mərkəzindədir".

Baş İdarə rəisi qeyd edib ki, əsas müzakirə mövzularından biri də tikintiyə icazə və istismara qəbul proseslərinin sadələşdirilməsi, onun çevikliyinin və şəffaflığının daha da artırılması olub: "Elektron xidmətlərin təkmilləşdirilməsi, Elektron Tikinti Portalının funksionallığının genişləndirilməsi və müraciətlərin operativ, vətəndaş məmnunluğu prinsipləri əsasında icrası bizim üçün prioritet olaraq qalır. Məqsədimiz hər zaman olaraq Bakının Baş Planına uyğun, dayanıqlı, insan yönümlü və müasir şəhər mühitinin formalaşdırılmasını ardıcıl şəkildə davam etdirməkdir".

Qeyd edək ki, sonda 2026-cı il üzrə fəaliyyət planlarına dair aidiyyəti üzrə tapşırıqlar verilib.

Xəbər lenti