Azərbaycan çempionatından əvvəl yunan-Roma güləşçisi Giorgi Meşvildişvilinin (125 kq) dizində zədə olub.
Bu barədə "Report"a 33 yaşlı idmançı açıqlama verib.
O, buna baxmayaraq, yarışda güləşmək qərarına gəldiyini söyləyib:
"Çünki bu turnir bizim üçün çox önəmlidir və tituldan asılı olmayaraq, güləşmək imkanı olan hər bir milli üzvü Azərbaycan çempionatında iştirak etməlidir. Ona görə mən də bu yarışa qatıldım. Finala qədər irəlilədim. Ancaq bu görüşlər zamanı digər dizimdə də ağrılar oldu. Nəticədə finalda güləşmək iqtidarında olmadığım üçün həlledici görüşə çıxmadım".
G.Meşvildişvili çempion olan Yusif Dursunovun gənc və perspektivli güləşçi olduğunu sözlərinə əlavə edib:
"Uzun müddətdir ki, yığmanın tərkibində məşq edir və bir-birimizi yaxşı tanıyırıq. Onu qələbə münasibətilə təbrik edir və qarşıdakı yarışlarda uğurlar arzulayıram. O ki qaldı zədəmə, yaxın günlərdə MRT-dən keçdikdən sonra dəqiq diaqnoz qoyulacaq".
Qeyd edək ki, Giorgi Meşvildişvili zədələndiyi üçün Azərbaycan çempionatında Yusif Dursunov ilə final görüşünə çıxmayıb. O, Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdı.