Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar illik 100 milyon m³ içməli su təminatının yaradılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində təmizlənmiş tullantı sularından təkrar istifadə imkanlarının təmin edilməsi, "Bakı Metropoliteni" QSC-nin stansiyalarında və digər ərazilərdə formalaşan qrunt sularından istifadəyə dair 3 pilot layihənin həyata keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Dövlət Proqramı 2026-2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, "ağıllı su şəbəkələri"nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə, mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcək. 2031-2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcək.