IMG-LOGO

İcraçı direktor: Media savadlılığının artırılması yalan məlumatlarla mübarizədə vacib rol oynayır

12 Jan 2026 16:01 5 baxış
IMG

Media savadlılığının artırılması yalan və çaşdırıcı məlumatlarla mübarizədə vacib rol oynayır.

"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qurumun beş illik fəaliyyəti haqqında AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, dezinformasiya risklərinin azaldılması məqsədlə media savadlılığının artırılmasına yönəlmiş sistemli, çoxşaxəli tədbirlər görülməkdədir:

"Media savadlılığı ilə bağlı cəmiyyətdə düşüncə tərzinin inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmini, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə görülən tədbirlərin effektivliyinin yüksəldilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya, eləcə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə artıq üçüncü ildir ki, hər ilin dekabrında "Media Savadlılığı" Həftəsi təşkil edirik. Həftəyə hazırlıq işləri çərçivəsində regionlarda yaşayan gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, informasiyanın etibarlılığının müəyyənləşdirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, habelə dezinformasiyaya qarşı mübarizədə həmrəyliyin gücləndirilməsi məqsədilə Agentlik silsilə tədbirlər həyata keçirir. Məsələn, təkcə ötən il Bakı şəhərində yerləşən, 2-si pilot olmaqla, 12 ümumi və orta təhsil müəssisəsində müəllimlər üçün TOT (təlimçilər üçün təlim) seminarları təşkil olunub, noyabr-dekabr aylarında isə həmin müəllimlər tərəfindən məlumatlandırma sessiyası və açıq dərs keçirilib".

Ə.İsmayılov vurğulayıb ki, media savadlılığı üzrə fəaliyyətlərin regional əhatə dairəsinin genişləndirilməsi və bu sahəyə diqqətin artırılması üçün Naxçıvan Muxtar Respublikasında "Media Savadlılığı" Həftəsi çərçivəsində silsilə tədbirlər həyata keçirilib:

"Media savadlılığı geniş aspektdə sosial, mədəni və iqtisadi fəaliyyətlərin mərkəzində olan bacarıq olduğundan bu istiqamətdə görülən işlərdə effektiv nəticə əldə edilməsi üçün sektorlararası əməkdaşlığın təşviqi məqsədilə bu il Həftə dövlət orqanları (qurumları), özəl şirkətlər və akademik müəssisələr olmaqla, 13 qurumun tərəfdaşlığı ilə təşkil edilib. Həftə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Macarıstan, Pakistan və Albaniyadan qonaqlar ölkəmizə səfər edib. Qeyd edilən xarici ekspertlərin iştirakı ilə gənclər üçün "Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media məzmunu" və "Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik: rəqəmsal mühitdə şəxsi məlumatların, hesabların və reputasiyanın qorunması" mövzularında təlimlər təşkil olunub. Qeyri-formal öyrənməni təşviq edən müxtəlif maarifləndirmə tədbirləri çərçivəsində yüzlərlə gəncin iştirakı ilə ilk dəfə intellektual oyun keçirilib".

İcraçı direktor əlavə edib ki, cəmiyyətdə media savadlılığının artırılması hər bir fərdin məlumat istehsalı və istehlakı proseslərinə daha tənqidi və məsuliyyətli yanaşmasına, sağlam media mühitinin inkişafına, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsinə bilavasitə təsir göstərir.

"Eyni zamanda, media savadlılığı cəmiyyətin dayanıqlı inkişafını gecikdirən yalan və çaşdırıcı məlumatlarla mübarizə aparılmasında vacib rol oynayır", - Ə.İsmayılov qeyd edib.

Xəbər lenti