IMG-LOGO

2026-cı ildə hara səyahət etməli: Avropanın müxtəlif guşələrindəki yeniliklər

12 Jan 2026 13:41 3 baxış
IMG
0 0

Son illərdə Avropa böyük turist axını ilə üzləşib. Məhz buna görə 2026-cı il, bəlkə də indiyədək diqqət yetirmədiyiniz məkanları kəşf etmək üçün ideal vaxt hesab olunur. Bir çox Avropa ölkəsi turistlər üçün yeni mədəni obyektlər, tədbirlər və marşrutlar təqdim etməyə hazırlaşır. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 2026-cı ilin Avropa mədəniyyət paytaxtları Finlandiyanın Oulu şəhəri və Slovakiyanın Trençin şəhəridir. Ouluda 16-18 yanvar tarixlərində konsertləri, avtomobil tüninqini və Finlandiyanın milli idman növü olan buz xokkeyini əhatə edən festival keçiriləcək. Trençində isə fevralın 13-15-də köhnə şəhər musiqi, incəsənət və ictimai görüşlər üçün açıq mədəni məkana çevriləcək.

Belçikanın paytaxtı Brüssel daha çox siyasət və bizneslə tanınsa da, 2026-cı ildə mədəni dirçəliş mərhələsinə qədəm qoyacaq. Noyabr ayında burada 90 illik modern üslublu binada yerləşən KANAL - Centre Pompidou muzeyinin açılması planlaşdırılır. Bir vaxtlar "Citroën"in qarajı olan bu bina Belçika paytaxtında ilk müasir incəsənət muzeyi olacaq. Muzeydə sərgi zallarına baxışı olan restoran və damda bar da fəaliyyət göstərəcək.

Finlandiyanın paytaxtı Helsinkidə isə şəhər İncəsənət Muzeyi muumi-trolların yaradıcısı olan məşhur fin rəssamı Tove Yansson üçün xüsusi məkan ayıracaq. Üç sərgi zalını əhatə edən bu qalereya onun “Kənddə şənlik” və “Şəhərdə şənlik” adlı freskaları ətrafında qurulacaq. İlk sərgi bu il fevralın 13-dən 2027-ci il yanvarın 24-nə qədər davam edəcək və Yansson ailəsinin ümumi yaradıcılığına həsr olunacaq.

İspaniyanın Valensiya regionu davamlı turizm sahəsində lider mövqedədir və artıq bu istiqamətdə rəsmi sertifikat alıb. 2026-cı ildə burada iki mühüm mədəni obyektin açılması planlaşdırılır. İlin sonunda valensiyalı heykəltəraş Manolo Valdesə həsr olunmuş Espai Manolo Valdés mərkəzi fəaliyyətə başlayacaq və burada yeni, əvvəllər nümayiş etdirilməmiş heykəllər sərgilənəcək. Bundan əlavə, məşhur rəssam Xoakin Sorollanın əsərləri Palasio-de-las-Kommunikasiones binasında yerləşəcək Sorolla Muzeyində təqdim olunacaq.

Qastronomiya həvəskarları üçün də 2026-cı il Avropada maraqlı imkanlar yaradır. Yunanıstanın Krit adasında iyul ayında Retimno şəhərində bir həftəlik Krit pəhrizi festivalı keçiriləcək. Maltanın Gozo adası isə “fermadan süfrəyə” prinsipi və etik turizm modeli ilə seçilir. Burada ənənəvi pendirlər, turş xəmirdən hazırlanmış çörək, əncir piroqu və günəşdə qurudulmuş pomidorlar xüsusi maraq doğurur.

Siyahını Xorvatiyanın Kvarner regionu tamamlayır; burada bir gün ərzində dəniz məhsulları, ov əti, göbələklər və meşə giləmeyvələri dadmaq mümkündür. 2026-cı ildə İngiltərə sahilləri boyunca uzanan kral III Çarlz Sahil Yolunun da tam başa çatdırılması gözlənilir. Uzunluğu 4303 kilometr olan bu marşrut İngiltərənin bütün sahil xətti boyunca uzanacaq və tamamlandıqdan sonra dünyanın ən uzun sahil piyada yolu olacaq.  

Travel 2026-cı il üçün səyahət məkanları

Xəbər lenti