Rusiyalı cüdoçular Alina Kuqayeva (70 kq) və Mədinə Kaysinovanın (+78 kq) Azərbaycan millisinə cəlb edilməsi kişi və qadın milli komandaları arasında ümumi balansın yaxşılaşmasına töhfə verəcək.
Bu barədə "Report"a qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Amina Abdellatif açıqlama verib.
O, hər iki idmançının yığmaya cəlb olunması ilə bağlı fikirlərini bölüşüb:
"Biz uzun müddətdir qadınlardan ibarət milli komandanın gücləndirilməsi üçün məqsədyönlü seleksiya işləri aparırdıq. Əsas hədəfimiz komandanın ən çox ehtiyac duyduğu istiqamətlərdən biri olan ağırçəkili qadın cüdoçu çatışmazlığının aradan qaldırılması idi. Mövcud imkanlar çərçivəsində xarici ölkələrdə keçirilən yerli turnirləri izləyərək potensial namizədləri dəyərləndirirdik. Çalışırdıq ki, cəlb etdiyimiz idmançılar həm perspektivli olsunlar, həm də son 3 il ərzində öz ölkələrinin milli komandasında çıxış etməsinlər. Bildiyiniz kimi, Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən, bu şərt təmin olunduğu halda həmin cüdoçuların keçidində problem yaşanmır".
Mütəxəssisin sözlərinə görə, seleksiya nəticəsində ağır çəkidə mübarizə aparan bir neçə cüdoçu Azərbaycana dəvət olunub və onlar iki təlim-məşq toplanışına cəlb ediliblər:
"Yekunda seçimimiz Alina Kuqayeva və Mədinə Kaisinova oldu. Bu idmançıların cəlb edilməsində üç əsas məqsəd var. Birincisi, müvafiq çəki dərəcələrində rəqabəti artırmaqdır. İkincisi, güclü sınaqçı-rəqiblərin olması məşq prosesinin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərir. Üçüncü əsas məqsəd isə qarışıq komanda yarışlarında daha uğurlu nəticələr əldə etmək üçün heyətin gücləndirilməsidir. Eyni zamanda, bu addım kişi və qadın milli komandaları arasında ümumi balansın yaxşılaşmasına da töhfə verəcək".