"Oxford Insights" şirkətinin tərtib etdiyi 2025-ci ildə hökumətlərin süni intellektin (AI) tətbiqinə hazırlıq indeksinə əsasən, Azərbaycan 111-ci pillədən 70-ci pilləyə yüksəlib.
"Report" "Oxford Insights"a istinadən xəbər verir ki, ölkənin ümumi balı 48,96 təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 39,92-yə bərabər olub.
İndeks çərçivəsində Azərbaycan ayrı-ayrı kateqoriyalar üzrə aşağıdakı balları toplayıb: "Dövlət siyasəti potensialı" - 53,5, "AI infrastrukturu" - 46,21, "İdarəetmə" - 50, "Dövlət sektorunda AI-nin tətbiqi" - 66,97, "İnkişaf və diffuziya" - 34,73, "Dayanıqlıq" - 58,27.
Qeyd etmək lazımdır ki, Azərbaycan indeksdə Cənubi Qafqaz ölkələri arasında lider mövqedədir, Mərkəzi Asiya ölkələri arasında üçüncü yerdə qərarlaşıb. Belə ki, Ermənistan 37,17 balla 108-ci, Gürcüstan 43,1 balla 84-cü, Qazaxıstan 55,86 balla 60-cı, Özbəkistan 54,69 balla 62-ci, Tacikistan 27,37 balla 135-ci, Qırğızıstan 33,69 balla 116-cı, Türkmənistan isə 20,75 balla 166-cı yerdədir.
Bütövlükdə, Cənubi və Mərkəzi Asiya regionunda (regionun qlobal reytinqi - 6-cı yer, orta bal - 41,41) Azərbaycan 5-ci yeri tutaraq Hindistan (67,9 bal), Türkiyə (58,1), eləcə də Qazaxıstan və Özbəkistandan geri qalıb. Eyni zamanda ölkə Banqladeş (47,4), Pakistan (46), Şri-Lanka (44,4), Butan (38,6), Nepal (37,5), Maldiv adaları (25,9), Əfqanıstan (16,4) kimi dövlətləri qabaqlayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova bildirib ki, "Hökumətin Süni İntellektə Hazırlıq İndeksi" artıq qlobal süni intellekt gündəliyində hökumətlərin hazırlığını ölçən və ən çox istinad edilən sənədlərdən biri hesab olunur: "Hökumətlər və G20 kimi beynəlxalq platformalar üçün müqayisə və istiqamətləndirmə aləti rolunu oynayır. Sonuncu buraxılışda metodologiyanın genişlənməsi hökumətlərin prioritetlərindən asılı olaraq həm süni intellektə xas, həm də daha geniş iqtisadi və institusional göstəricilərin ölçülməsini zəruri edib. Bu səbəbdən çərçivəyə müxtəlif siyasət alətləri, iqtisadi ölçülər və tənzimləyici yanaşmalar üzrə göstəricilər daxil edilib. Məsələn, bəzi ölkələr hüquqi çərçivə formalaşdırmağa üstünlük verdiyi halda, digərləri oxşar ictimai məqsədlərə "yumşaq hüquq" (soft law) mexanizmləri vasitəsilə nail olmağı hədəfləyir".
Onun sözlərinə görə, 2025-ci il buraxılışında qiymətləndirmə əvvəlki ildən fərqli olaraq 6 əsas istiqamət üzrə aparılıb: "Azərbaycanın göstəriciləri xüsusilə dövlət sektorunda tətbiq və dayanıqlılıq istiqamətlərində yüksəkdir. Belə ki, ölkəmiz "Dövlət sektorunda tətbiq" (Public Sector Adoption) üzrə 66,97 bal, "Dayanıqlılıq" (Resilience) üzrə 58,27 bal, "Siyasət potensialı" (Policy Capacity) üzrə 53,50 bal, "İdarəetmə" (Governance) üzrə 50 bal, "Süni intellekt infrastrukturu" (AI Infrastructure) üzrə 46,21 bal, "İnkişaf və diffuziya" (Development and Diffusion) üzrə 34,73 bal nəticə göstərib".
A. Əhmədova qeyd edib ki, bu göstəricilər Azərbaycanın süni intellekt sahəsində diqqətinin tədricən institusional tətbiqə və ictimai faydaya yönəldiyini, növbəti mərhələdə isə insan kapitalı və yerli süni intellekt ekosisteminin gücləndirilməsinin əsas prioritet kimi ön plana çıxdığını nümayiş etdirir: "Oxford Insights" 2025-ci il buraxılışı yeni tədqiqat sualına cavab verməyi hədəfləyib. Hökumət süni intellekti ictimai fayda naminə nə dərəcədə səfərbər edə bilir?" Bu yanaşmada dövlətlərin süni intellekti vətəndaşların rifahı üçün müxtəlif formalarda necə istifadə etdiyini dəyərləndirmək imkanı yaranır. Bura ictimai xidmətlərdən tutmuş təhsil və səhiyyə sektorları üzrə tətbiq, eləcə də 21-ci əsrin rəqəmsal iqtisadiyyatı üçün zəruri bacarıq və ekspert potensialının formalaşdırılmasında hökumətin rolu aid edilir".
Ekspert vurğulayıb ki, son illər Azərbaycanda süni intellektin inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə qəbul olunmuş strateji sənədlər qeyd olunan beynəlxalq meyarlarla uzlaşır: "Həm "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda müəyyən edilmiş tapşırıqlar, həm də "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da nəzərdə tutulan data əsaslı qərarvermə, rəqəmsal infrastrukturun gücləndirilməsi və sektorlar üzrə transformasiya hədəfləri buna ən yaxşı nümunədir. Bu strateji çərçivələrin paralel və əlaqəli icrası Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsi üçün mühüm zəmin yaradır".