Suriya ilə İsrail kəşfiyyat məlumatlarının mübadiləsi, gərginliyin azaldılması və diplomatik əməkdaşlıq üçün mexanizm yaratmaq barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vasitəçiliyi ilə Parisdə keçirilən növbəti İsrail–Suriya danışıqlarının yekununda Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda qeyd olunub.
Sənəddə tərəflərin davamlı təhlükəsizlik və sabitlik barədə razılaşmalara sadiqliklərini təsdiqlədikləri vurğulanıb. Tərəflər ABŞ-nin himayəsi altında kəşfiyyat məlumatlarının mübadiləsi, gərginliyin azaldılması, diplomatik əlaqələr və ticarət imkanları üzrə dərhal və fasiləsiz əməkdaşlığı təmin etmək üçün birgə koordinasiya mexanizmi yaratmaq barədə razılığa gəliblər.
Bəyanatda həmçinin qeyd olunub ki, bu mexanizm istənilən mübahisələrin operativ həlli və anlaşılmazlıqların qarşısının alınması üçün platforma rolunu oynayacaq. Vaşinqton isə bu müsbət addımları alqışladığını və Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün daha geniş səylər çərçivəsində bu razılaşmaların həyata keçirilməsini dəstəkləməyə sadiq qaldığını bəyan edib.