IMG-LOGO

Merts: Avropanın əsas məqsədi Ukraynada tezliklə atəşkəsin əldə edilməsidir

07 Jan 2026 00:54 8 baxış
IMG

Bizim əsas arzumuz odur ki, Ukraynada dörd illik müharibədən sonra mümkün qədər tez atəşkəs bərqərar olsun.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Almaniya Kansleri Fridrix Merts Parisdə Ukrayna ilə bağlı keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Ukrayna humanitar və enerji böhranının astanasındadır, buna görə də biz nəticəyə mümkün qədər tez nail olmaq üçün səylərimizi bütün hallarda gücləndirəcəyik", – deyə Merts vurğulayıb.

Onun sözlərinə görə, bugünkü görüşdə "ukraynalılar, avropalılar və amerikalılardan ibarət üçbucaq" Ukraynada sülhə nail olmaq üçün diplomatik səylərdə mühüm addım atıb.

"Biz istəyirik ki, atəşkəs 2015-ci il Minsk razılaşmasından fərqli olaraq etibarlı təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirilsin", – deyə Almaniya Kansleri əlavə edib və atəşkəsin birgə əldə edilməsinin vacibliyini vurğulayıb.

Bu halda "istəklilər koalisiyası" Ukraynanın təhlükəsizliyi üçün birgə məsuliyyəti üzərinə götürəcək. Bu, güclü silahlı qüvvələrin yaradılması yolu ilə həyata keçiriləcək ki, həmin qüvvələr silahlanma, təlim və maliyyələşdirmə sayəsində Rusiyanı potensial aqressiyalardan inamla çəkindirə bilsin.

"Biz Vaşinqtondakı tərəfdaşlarımızla razıyıq ki, bunun üçün müəyyən şərtlər yerinə yetirilməlidir. Əvvəla, ABŞ daxil olmaqla, hamımızdan güclü, hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri və Avropanın iştirakını təmin etmək üçün güclü Amerika dəstəyi lazımdır", – deyə Merts bildirib və əlavə edib ki, Almaniya bu prosesdə siyasi, maliyyə və hərbi səviyyələrdə iştirakını davam etdirəcək.

Bu iştirakın parametrləri Bundestaq tərəfindən müəyyən ediləcək, lakin kansler heç bir mümkün forma və həcmi istisna etməyib.

Onun sözlərinə görə, Avropa artıq ABŞ ilə sıx əməkdaşlıq şəraitində Ukraynanın bərpası üzrə tədbirlər paketini hazırlayır. Bu isə təhlükəsizlik zəmanətləri ilə ayrılmaz şəkildə bağlıdır:

"İqtisadi güc Ukraynanın gələcəkdə də Rusiya üçün inandırıcı çəkindirmə faktoru olmasının əvəzolunmaz təminatına çevriləcək".

Xəbər lenti