Ekvatorial Qvineyanın paytaxtı respublikanın təhlükəsizliyinin artırılması və logistikanın yaxşılaşdırılması məqsədilə adadan materikə köçürülüb.
"Report" "Guinea Ecuatorial Press" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı Afrika ölkəsinin Prezidenti Teodoro Obianq Nqema Mbasoqo müvafiq fərman imzalayıb.
Fərmana əsasən, paytaxt Malabo əvəzinə Syudad-de-la-Pas şəhəri elan edilib.
"Hakimiyyət institutlarının təhlükəsizliyini təmin etmək və regionların ahəngdar inkişafına nail olmaq üçün dövlət idarəçiliyinin mərkəzini Syudad-de-la-Pasa köçürmək qərarına gəldik. Ada mövqeyinə görə Malabo xarici təhdidlərə daha həssasdır, materikin tam mərkəzində yerləşən yeni paytaxt isə Ekvatorial Qvineyanın hər bir vətəndaşı üçün suverenliyin qalası və tərəqqinin hərəkətverici qüvvəsi olacaq", – fərmanda deyilir.
Syudad-de-la-Pasın tikintisinə 2012-ci ildə ölkənin gələcək paytaxtı kimi başlanılıb. Şəhər Ekvatorial Qvineyanın materik hissəsinin mərkəzində, Atlantik okeanı sahilindən 160 km şərqdə, Vele çayı üzərində yerləşir və sıx tropik meşələrlə əhatə olunub. Syudad-de-la-Pas Qabonla sərhəddən 25 km, Kamerunla sərhəddən isə 60 km məsafədədir.
Nazirliklərin və dövlət qurumlarının əksəriyyəti artıq Malabodan yeni paytaxta köçüb. Şəhər 200 min sakin üçün nəzərdə tutulub. Bununla belə, Atlantik okeanında Bioko adasında yerləşən Malabo bəzi dövlət qurumlarını saxlayacaq. Belə ki, tarixi paytaxtda Xarici İşlər Nazirliyi, eləcə də karbohidrogenlər və dağ-mədən sənayesinin inkişafı nazirliyi fəaliyyətini davam etdirəcək. Xarici ölkələrin səfirlikləri, həmçinin iri şirkət və bankların baş ofisləri hələlik Syudad-de-la-Pasa köçməyi planlaşdırmır. 350 min əhalisi olan Malabo ölkənin əsas kommersiya və maliyyə mərkəzi statusunu qoruyub saxlayacaq.