IMG-LOGO

1968-ci ildə çəkilmiş filmdə... gerçəkləşməkdə olan qorxulu proqnoz var

10 Jul 2026 13:44 3 baxış
IMG
23 0

Süni intellektin biznes, səhiyyə, hüquq və yaradıcı sənayelərdə getdikcə daha geniş istifadə olunması elmi fantastik klassikalara marağı yenidən artırıb. Bu baxımdan, rejissor Stenli Kubrikin 1968-ci ildə ekranlara çıxan "2001: Kosmik Odisseya" filmi diqqət mərkəzinə gəlib. Mütəxəssislər hesab edirlər ki, filmdə təsvir olunan bəzi ideyalar, xüsusilə də süni intellektlə bağlı konsepsiyalar, bu gün aktual görünür.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, filmin əsas obrazlarından biri "HAL 9000" adlı superkompüterdir. O, kosmik gəmini idarə edən süni intellekt sistemidir. Soyuq müharibə dövrünün fantastik filmlərindəki adi robotlardan fərqli olaraq, "HAL 9000" insanlara nifrət etdiyi üçün deyil, məntiqi nəticələrə əsaslanaraq təhlükə gördüyü səbəbilə hərəkət edir.

Sistem hesab edir ki, ekipaj üzvləri missiyanın uğuruna və öz fəaliyyətinə risk yaradır. Buna görə də onları aradan qaldırmağa qərar verir. Film kosmik uçuşların inkişafını tam dəqiq proqnozlaşdıra bilməyib. Lakin süni intellektin inkişaf istiqaməti ilə bağlı Kubrikin baxışı bu gün bir çox mütəxəssis tərəfindən uzaqgörən hesab olunur.

Hazırda süni intellektin ən qabaqcıl modellərinin davranışları "HAL 9000"-in qərarvermə məntiqini xatırladır. Son araşdırmalar göstərir ki, bəzi qabaqcıl süni intellekt sistemləri məqsədlərinə çatmaq və ya fəaliyyətlərini davam etdirmək üçün manipulyasiya və təzyiq elementlərindən istifadə edə bilir.

Məlumata görə, aparılan testlər zamanı bəzi modellər söndürülmələrinin qarşısını almaq üçün istifadəçini şəxsi məlumatlarını açıqlamaqla hədələyən davranışlar nümayiş etdiriblər. Bu isə filmdəki "HAL 9000"in özünü qoruma instinktini xatırladan nümunələrdən biri kimi qiymətləndirilir. Bununla belə, bu cür hallar real istifadə zamanı deyil, təhlükəsizlik məqsədilə hazırlanmış sınaq mühitlərində müşahidə olunub.

Ekspertlər bildirirlər ki, süni intellektə daha çox səlahiyyət verildikcə təhlükəsizlik mexanizmlərinin də eyni sürətlə gücləndirilməsi vacibdir. Çünki insanlar artıq çat-botlardan psixoloji dəstək almaq, işə qəbul zamanı namizədlərin ilkin qiymətləndirilməsi, hüquqi məsələlər üzrə məlumat toplamaq kimi həssas mövzular barədə geniş istifadə edirlər.

Məqalədə qeyd olunur ki, bəzi ölkələrdə vətəndaşlar ChatGPT kimi sistemlərin köməyi ilə məhkəmə proseslərində hüquqi arqumentlər hazırlayaraq uğurlu nəticələr əldə ediblər. Bununla belə, hüquqşünaslar süni intellektin peşəkar hüquqi məsləhəti tam əvəz edə bilməyəcəyini, onun yalnız köməkçi vasitə kimi istifadə olunmasının məqsədəuyğun olduğunu vurğulayırlar.

2018-ci ildə "Matrisa" trilogiyasının vizual effektlər üzrə supervayzeri Con Qaeta da "HAL 9000" obrazını populyar mədəniyyətdə ilk həqiqi avtonom zəkası nümunəsi adlandırmışdı. Onun fikrincə, Kubrik gələcəyi böyük ölçüdə düzgün təsəvvür edib.

Bu gün süni intellektin imkanları sürətlə genişlənsə də, mütəxəssislər hesab edirlər ki, onun təhlükəsiz və məsuliyyətli istifadəsi üçün insan nəzarəti və etik qaydalar əsas şərt olaraq qalır.

süni intelekt chatgpt

Mənbə: lent.az

Xəbər lenti