IMG-LOGO

Zelenski: Rusiya tərəfindən real kompromislər yalnız sərt təzyiq şəraitində mümkündür

04 Jan 2026 01:08 10 baxış
IMG

"Rusiya tərəfindən real kompromislər yalnız sərt təzyiq şəraitində mümkündür. Söhbət sanksiyalar, Ukraynaya aktiv hərbi dəstək, ABŞ və Avropanın iştirakı ilə dialoqu qorumaq kombinasiyasından gedir".

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 3-də Kiyevdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanı kompromislərə getməyə inandırmaq yalnız formal danışıqlarla deyil, real təzyiqlə mümkündür:

"Əsl danışmaq, sadəcə telefonla deyil, sanksiyalarla və Ukraynaya hərbi dəstəklə danışmaq deməkdir. Bəzi proseslər, xüsusilə hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı son vaxtlar yavaşlayıb və bunu Rusiya tərəfi yaxşı görür. Məhz buna görə də Moskva Ukraynaya dəstəkdə yaranan fasilələrə və zəif nöqtələrə daha çox diqqət edir".

Volodimir Zelenski deyib ki, ABŞ Rusiyaya daha güclü təzyiq göstərməlidir: "Dekabrda ABŞ və Ukrayna nümayəndələri son dərəcə intensiv əməkdaşlıq həyata keçiriblər. İndiki dialoq formatına hansı isə bir alternativ mövcud deyil. Nəzəri olaraq, əgər ABŞ aktiv roldan imtina etsə, liderliyi Avropa öz üzərinə götürə bilərdi. Lakin, Avropa yolu Amerika yolundan daha sürətli olmayacaq. Burada artıq çox şey işlənib hazırlanıb. Biz insanların əməyinə və vaxtına hörmət etməliyik, çünki hər bir gecikən dəqiqə Ukraynada insanların yeni əzabları deməkdir".

Xəbər lenti