ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Amerikanın bütün tələbləri yerinə yetirilənə qədər Venesuela neftinin tədarükünə embarqonu davam etdirəcək.
"Report"un məlumatına görə, bunu Amerika lideri Karakasa aviazərbələr endirilməsi və Venesuela lideri Nikolas Maduronun tutularaq ölkədən çıxarılmasından sonra keçirilən mətbuat konfransında deyib.
Tramp bununla belə, hansı tələbləri nəzərdə tutduğunu açıqlamayıb: "Venesuela liderləri başa düşməlidirlər ki, Maduronun başına gələnlər onların da başına gələ bilər", - ABŞ prezidenti əlavə edib.
Mətbuat konfransında iştirak edən Pentaqon katibi Pit Haqset qeyd edib ki, Maduronun və onun həyat yoldaşının tutulması əməliyyatı artıq bir neçə aydır davam edir.
"ABŞ Venesuelaya qarşı əməliyyatda F-35 və F-22 qırıcıları, həmçinin B-1 bombardmançı təyyarələrindən istifadə edib", - Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.