Kamboca hökuməti Tailand qoşunlarının 27 dekabr atəşkəsinin başlanğıcından bəri bir sıra mübahisəli sərhəd ərazilərini tutduğunu bildirib və bu bölgələrdən hərbçiləri çıxarmaqla bağlı Bankoka çağırış edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Kamboca Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Kamboca tələb edir ki, Tailandın bütün hərbçiləri və texnikası Kamboca ərazisindən qanuni çəkilmiş sərhədə uyğun mövqelərə çıxarılsın", - nazirlikdən bildirilib.
Çağırışda sərhəd bölgələrində və Kamboca ərazisində hərbi fəaliyyətin dayandırılması, ölkələrin sərhədlərinin demarkasiyası ilə məşğul olan Ümumi Sərhəd Komitəsinin səlahiyyətlərinə, mövcud razılaşmalara və beynəlxalq hüquqa hörmətlə yanaşılması da yer alıb.
Qarşı tərəf bu ittihamları rədd edərək, hərbçilərin sırf Tailanda aid bölgələrdə olduğunu vurğulayıb.
Xatırladaq ki, 27 dekabr 2025-ci il tarixində Kamboca və Tailand Ümumi Sərhəd Komitəsinin iclasının nəticəsi olaraq sərhəd boyunca gərginliyin dərhal azaldılması barədə razılığa gəliblər.